30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanovu qəbul edib.
Olaylar xəbər verir ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli təmaslar, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.