Bu BƏXTİYAR harayıdır!
16 May 13:00 ƏdəbiyyatRAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
O, Azərbaycan ədəbiyyatının istiqlal şairlərindəndir və sözün əsl mənasında, istiqlalçı, mücahid şairdir. Hələ sovetlər dövründə Azərbaycanın ikiyə bölünməsinin səbəbkarları olan, hər dəfəsində Azərbaycan xalqının azadlıq inqilablarına qarşı qırğınlarla və xəyanətlərlə cavab verib qanına susayan rus və İran siyasətinə etirazın ifadəsi kimi yazdığı "Gülüstan" poemasına görə başı bəlalar çəkmişdi. Bu əsər həm də onu mərd, mübariz bir şair kimi xalqı arasında böyük hörmətə mindirmişdi. Buna görə onun haqqında danışanda onu "istiqlal mücahidi", "türk dünyasının şairi" və başqa adlarla adlandırırlar. Həmişə onu "Azadlıq aşiqi, Vətən aşiqi", - deyə də xarakterizə edirlər. Çünki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan bu nəhəng sənətkar bütün yaradıcılığı ilə istiqlal və milli birlik şüarı səsləndirmişdir. Azərbaycan xalqının milli oyanışı, istiqlalı və türk birliyi məsələsi onun əsərlərinin başlıca qayəsidir. Azərbaycan xalqının milli və siyasi taleyi, suverenliyi, birliyi və s. kimi motivlər onun yaradıcılıq amalı və taleyi olmuşdur. Bəli, Bəxtiyar Vahabzadənin bir şair və vətəndaş olaraq qayəsi öz vətəni və milləti üçün əhəmiyyətli xidmətlər göstərməklə xarakterizə oluna bilər. O öz əsərlərilə ikiyə bölünmüş, haqqı tapdanmış Azərbaycan xalqının istiqlal ruporuna çevrilmişdir. Bu görkəmli Azərbaycan şairinə ehtiram nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük şairin anadan olmasının yüzillik yubileyinin təntənəli keçirilməsi məqsədilə sərəncam imzalanmışdır. Sərəncamda da deyildiyi kimi: "Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir".
Zəngin bir yaradıcılığa malik olan görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin (1925-2009) əsərlərində Azərbaycan xalqının istiqlalı ilə bağlı mövzular qələmə alınmış, türk milli birliyi ideyasını ehtiva etmişdir. Azərbaycanın milli və ərazi birliyi mövzusunu qələmə alan "Gülüstan" əsəri şairin ən dəyərli və oxunaqlı əsərlərindən biri olaraq Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Poema Azərbaycanın Güney və Quzey olaraq ikiyə bölünməsinə səbəb olan "Gülüstan" müqaviləsinə həsr olunmuş, milli istiqlal mücadiləsi və oyanış vaxtlarında ən çox oxunan əsərlərdən biri olmuşdur. Vaqif Yusifli çox gözəl deyir ki, ""Gülüstan" bir xalqın tarixi faciəsinin ibrət dərsidir". Bu da maraq doğurur ki, adıgedən "Gülüstan" əsəri Azərbaycan xalqının milli mücadilə tarixinin görkəmli nümayəndələrindən olan Səttarxan və Şeyx Məhəmməd Xiyabaniyə həsr edilmişdir. Əsərdəki bu misralar bir xalqın ayrılıq faciəsini çox uğurla ifadə edir:
Bir qələm əsrlik hicran yaratdı
Bir xalqı yarıya böldü qılınctək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Əsərin girişindən olan bu parçada şair bir müqavilə ilə Azərbaycan kimi neçə əsrlik bir dövlətin, xalqın və torpaqların - Vətənin necə paçalandığını dərin bir kədərlə qələmə almışdır. Burdakı "Bir qələm əsrlik hicran yaratdı" misrası da məhz zamanının böyük türk dövlətlərindən biri olan Azərbaycanın necə iki hissəyə parçalandığını anladır. "Başını qaldırdı, ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın" misraları zaman-zaman Azərbaycan xalqının birlik və istiqlaliyyət uğrunda apardığı milli mücadilədən bəhs edir. Neçə dəfə Cənubi Azərbaycan deyə bəhs olunan Azərbaycanın cənub hissəsində Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi görkəmli mücahidlərin liderliyi ilə xalq hərəkatı baş qaldırmış, vəhşiliklə istilaçılar tərəfindən yatırılmış, minlərcə Azərbaycan oğul və qızları qanlarına qəltan olunmuş, Azərbaycan naminə şəhid olmuşlar. Böyük şairimiz də məhz bir misra daxilində bu böyük tarixi xatırlatmağa çalışmış, kiçik bir misra daxilində Azərbaycanın böyük bir mücadilə tarixinə baş vurmağı, bir xatırlatma etməyi məqsəd bilmişdir.
Onun əsərlərində Azərbaycan türklərinin milli və siyasi (Güney və Quzey Azərbaycana parçalanması) problemləri, habelə Azərbaycan türklərinin milli-siyasi müstəqilliyi, türk dünyasının birliyi, qardaşlığı və s. kimi əhəmiyyətli mövzular və motivlər yer almaqdadır. Mənsub olduğu xalqının istiqlaliyyətini düşünən şairin "Gülüstan", "İstiqlal" və "Şəhidlər" kimi əsərləri Azərbaycan xalqının istiqlal uğrunda mübarizə mövzusunu qələmə alır. Habelə "Dar ağacı", "Özümüzü kəsən qılınc", "Fəryad", "Atamın kitabı" kimi digər əsərlərində xalqın istiqlalına maneə olan problemlər, daxili və xarici düşmənlərin mənfur əməlləri əks etdirilmişdir. Bu da maraq doğurur ki, şairin özü "İstiqlal" əsərini böyük Azərbaycanın parçalanma tarixini anladan "Gülüstan" əsərinin davamı olduğunu qeyd etmişdir. Çünki XX əsrin sonunda Sovet Rusiyasının çökməsi ilə əlaqədar Azərbaycanda xalq hərəkatı baş qaldırır və xalq istiqlaliyyət uğrunda savaş açaraq öz müstəqilliyini qazanır, suveren Azərbaycan dövləti yenidən bərpa edilir. Bu üzdən şair "Məndən rica etdi bir vətənsevər Yazım davamını mən "Gülüstan"ın", - deyə xalqın milli birliklə apardığı istiqlaliyyət mücadiləsinin nəticələrini qəsd edərək sonrakı zamanlarda Azərbaycanla İran arasında yaranan əlaqələrin verdiyi imkanlar daxilində iki qardaş - Güney və Quzey Azərbaycan arasındakı həsrətin qismən keçməsi kimi mövzuları əks etdirir. Beləliklə, "Gülüstan" əsərində şairin qaldırdığı ayrılıq fəryadı və parçalanma dərdi "İstiqlal" əsərində istiqlaliyyətin alınması coşqusu ilə əvəzlənir.
Azərbaycan xalqının milli müstəqilliyi və istiqlaliyyəti mövzusunda "Şəhidlər" əsərinin əhəmiyyəti qabarıq şəkildə görünür. Şair hünər və qəhrəmanlığın bir millətin və onun vətəndaşının müstəqillik və səadətinin təməlində dayandığını ifadə edir. Yaşından, cinsindən asılı olmayaraq bütün azəbaycanlıların mücadiləyə həmrəy olmaları əsərin mərkəzində dayanır və şair xalqın istiqlaliyyət coşqusunu göstərməklə bərabər uşaqdan tutmuş böyüyə qədər hər kəsin istiqlaliyyət uğrunda şəhid düşməsini ön plana çəkir.
B.Vahabzadənin əsərlərinin bir çoxunda Azərbaycan-türk milli xarakteri, düşüncəsi başlıca yer tutur. Şairin "Azərbaycan oğluyam" şeiri bu mövzuda yazılan ən yaxşı əsərlərdən biridir. Bu şeirində türk-Azərbaycan milliyyətinə mənsubiyyət, Azərbaycan türkünün qürurverici tarixi, fəxarət dolu keçmişi başlıca mövzudur. "Anam torpaq, Atam od, ...Od kimi istiqanlı, Seltək dəliqanlıyam", - deyə Azərbaycan milli xarakterini təqdim etmişdir. Bu şeirində də şair Azərbaycan xalqının ən böyük dərdi olan ikiyə bölünmək ağrısını əks etdirmişdir. "Həm Təbriz, həm Bakıdır Məkkəm, Mədinəm mənim" deyən şair Azərbaycan dövlətinin paytaxtları olmuş Təbriz və Bakı şəhərlərini Məkkə və Mədinə ilə müqayisə edərək iman və inamın qibləgahları, Azərbaycançılıq adlı vətənçilik etiqadına tapınan dinin Məkkəsi və Mədinəsi elan edir.
Əlimiz də bir bizim,
Dilimiz də bir bizim.
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa? -
kimi düşündürücü suallarla sanki tarixin axışına qarşı üsyanla çıxış edir, xalqını birlik, bütövlük uğruna mücadiləyə çağırır.
Azərbaycanın bütövlüyü, böyüklüyü və istiqlalı Bəxtiyar Vahabzadə əsərlərinin ana mövzusunu təşkil edir. Şair nə yazırsa yazsın, Azərbaycanın istiqlalı və türk milli birliyi həmişə onu düşündürür. "Vətəndən vətənə", "Azərbaycan oğluyam", "Mənim şeirim", "Şair-vətən", "Əgər qorunmazsa istiqlalımız" və başqa şeirlərində də bəhs edilən mövzu əhəmiyyətli yer tutur. Şair habelə "Şair - vətən" şeirində də bütün şairlərin, əlbəttə, özünün də vətəninin hayqırışı, səsi, fəryadı, milli duyğuların ifadəçisi olduğunu bildirir.
Şair "Anamın kitabı" əsərində Azərbaycan türklərini yüz illərcə bölüb, başqa mənəviyyata, başqa qanunlara, başqa ideologiyaya yönəldilməsindən söz açmışdır. Onun "Ana dili" və "Anamın kitabı" kimi əsərlərində də milli dil və heysiyyət məsələlərinə toxunulmuşdur. Bu inkaredilməzdir ki, milli dil bütün millətlərin vazkeçilməz, itirilməz dəyəri, milli varlığının təməlində dayanan ən önəmli şərtdir. Bütün filosofların da söylədiyi kimi, "dil varsa, millət vardır, dil yoxsa, millət də yoxdur". Bu mövzu şairin "Ana dili" adlı şeirinin əsas mövzusudur. Şeirdə:
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır, - deyə şair ana dilini - Azərbaycan dilini milli-ictimai varlığın daşığıyıcısı, birləşdirici dəyəri kimi səciyyələndirir. Şeirdəki: "Sən xalqının aldığı ilk nəfəsdən yarandın" misrasında şair Azərbaycan dilinin xalqın nəfəsindən yarandığını söyləməklə onu xalqın çoxminillik yaşayış, həyat, düşüncə, heysiyyət və bütün duyğularının daşıyıcısı kimi səciyyələndirir. Şairin "Muğam", "Özümüzü kəsən qılınc", "Dar ağacı" kimi əsərlərində də azərbaycanlıların milli dəyərləri, müstəqilliyi, istiqlalı və başqa bu kimi motivlər əhəmiyyətli yer tutur.
Bəxtiyar Vahabzadənin dramaturji əsərlərində də istiqlal motivləri başlıca yer tutur. Şairin görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi və onun "Od gəlini" əsərinə iqtibas edərək yazdığı "Dar ağacı" əsərində orta əsrlər hadisələrinin əsasında XX yüzilliyin sonlarına doğru Azərbaycan cəmiyyətində baş verən hadisələrin məzmunu təqdim edilmişdir. Bütün ömrü boyu ərəb xilafətinə xidmət edən Aqşinin axırda "mən öz vətənimə qarşı vuruşanda ölü olmuşam" - deyə etiraf etməsi XX əsrin sonlarındakı bəzi Azərbaycan siyasi xadimlərinə ünvanlanan mənalı irad və nəsihət idi. Bundan başqa görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinə iqtibas olaraq yazılan "Atamın kitabı" əsərindəki hadisələr də XX əsrin sonlarında Azərbaycandakı hadisələrlə müqayisədə təqdim edilmişdir. Bu əsərdə də öz millətinin müqəddəratını düşünməyən "millət başçıları" - siyasi xadimlər tənqid olunmuş, millətin taleyi narahatlıqla əks etdirilmişdir.
Bəxtiyar Vahabzadənin bütün əsərləri həm Azərbaycan, həm türk dünyası milli birliyi və istiqlal motivlərilə zəngindir. Şairin "Bütün millət dönməliykən yumruğa, Türkün türklə ədavətə haqqı yox" misrası türk dünyası birliyinə uğurla xidmət edən böyük Mustafa Kamal Atatürkün "Türkün türkdən başqa dostu yoxdur" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kimi siyasi aforizmlərinin poetik davamı olaraq səslənir. Şair "Azərbaycan-Türkiyə", "Atatürk", "Mən türkəm" və başqa əsərlərində də bu mövzuya toxunur, türk dünyasının gələcəyi haqqında təəssüratlarını əks etdirir. Şair vaxtilə misralarından birində deyirdi:
Millət sevgisi ilə silahlanan şəxs
Özü təkbaşına millət olurmuş.
Bəli, Xalq şairi Bəxtiyar Vahabzadə özü məhz belə şəxsiyyət idi. Yaradıcılığında türk dünyası və onun birliyi məsələsinə xüsusi yer verdiyi üçün B.Vahabzadəyə "türk dünyasının böyük şairi" adı verilmişdir. Bəxtiyar Vahabzadə bütövlükdə türk dünyasının böyük şairi olaraq tanınıb. Buna görə də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Bəxtiyar Vahabzadə haqqında "xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və arzuları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur", - deyə bəhs etmiş, milli istiqlal yolundakı xidmətlərinə görə onu "İstiqlal" ordeni ilə təltif etmişdir. Türkiyə Cümhuriyyətinin prezidentlərindən olan Süleyman Dəmirəl də böyük şair haqqında: "Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və yüksəlişi ilə yaxından bağlıdır",- deyə bəhs edərək onun türk dünyası qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir.