Sükuta dalmış həqiqətlərdən boylanan Almas İldırım ömrü
14 Yanvar 14:18 ƏdəbiyyatÖtən il nəşr etdirdiyimiz "Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabında Azərbaycanın bir çox tanınmış simaları ilə bərabər Almas İldırımla bağlı bəzi məqamlara aydınlıq gətirmişdik. Bu gün o böyük şəxsiyyətin dünyadan köçdüyü gündür.
Almas İldırımla bağlı bəzi məqamlara qısaca nəzər salaq.
Repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir. Həmçinin indiki zaman konteksindən yanışıb o dövrdəki prosesləri araşdırıb, kimlərisə təhdid etmək, aşağılamaq doğru olmaz.
Qeyd edək ki, Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Sovet rejimi Almas İldırımı bəy nəslinə mənsubluğuna görə, təqiblərə məruz qoyur. Hətta o, varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetindən xaric edilir.
Almas İldırım yaradıcılığa ötən əsrin iyirminci illərinin sonlarında başlamışdır. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsinin müəllifi olur. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin yaşayıb-ya¬rat¬dığı ədəbi mühitdən formalaşan şairin ilk şeirləri "Maarif və mədəniyyət", "Şərq qadını", "Maarif işçisi" dərgilərində çap olunmuşdur.
O, milli ruhlu yazılarına görə, təqib olunur, ləkələnirdi. Bunlardan biri olan B. Zəngili adlı biri Almas İldırım haqqında çox cəfəng fikirlər ortalığa qoyurdu. Belə yazılar repressiyaya hazırlıq idi. Məhz belə böhtan xarakterli yazılardan sonra Almas İldırım Dağıstana sürğün olunmuşdu. müvəqqəti Dağıstanda sürgündə olduğu vaхtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit baraхmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürğün edilərkən "Əlvida, Bakı" adlı şeirində vətənə "can" dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin bu qurbana acımadığını yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:
Günahım ―can dedim, sana, qovuldum,
Acımadın bu qurbana, əlvida.
1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitabı senzuradan keçməyən şair Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.
1933-cü ilin iyun ayında yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan Almas İldırım bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, çətinliklə İrana çatır.
Amma Almas İldırım orada azadlığa qovuşmur, dərhal həbs olunur, 25 gün dustaq olur. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib, Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.
Almas İldırım sonralar memuar kimi qələmə alaraq "Qurtuluş" (Berlin) dərgisində çap etdirdiyi "Bakı хatirələri" adlı yazısında Azərbaycanda yaşadığı dövrdə bir sənətkar kimi qarşılaşdığı çətinlikləri, milli məfkurəli ədəbiyyata qarşı aparılan ideoloji mübarizələri əks etdirməyə çalışmışdır.
Azərbaycan, mənim tacım, taхtım, oy!
Oyanmazmı kor olası baхtım, oy!
Bu misralardan artıq duyulurdu ki, Almas İldırım öz Vətənini, millətini nə qədər sevir. Onun millətə, xalqa olan sevgisi, yaradıcılıq eşqi düşmənlərini, sovet imperiyasının əlaltılarını sevindirmirdi.
Tədqiqatçı Aslan Kənan yazır: "Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü toх tutdu, qəddini şaх tutdu, sözünü də uca! Əqidəsini bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, yalançı təriflərə qurban vermədi. Ona görə indi adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən adları dillərdən düşməyənlərin çoхları indi unudulub, dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu gün neçə-neçə dillərin əzbəridir".
1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb. Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.
Əkrəm Bəydəmirli