Öyrəndim ki, Qarabağı hələ 2010-cu ildə itirmişik – Qazaryan

"2018-ci ildə mən də inanırdım ki, "artsax Ermənistanındır" vəssalam, lakin sonra bizim o ərazini hələ 2010-cu ildə itirdiyimizi anladım". 

Olaylar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasının deputatı Marina Qazaryan deyib.

O, reallığı anlamaq üçün prosesləri dərindən araşdırmaq lazım olduğunu bildirib:

"Mən bir tarix müəllimi kimi "artsax"ın (Qarabağ - red.) həmişə dövlətimizin bir parçası olacağına inanırdım. Özümə sual verirdim ki, əgər biz birinci müharibədə qalib gəlmişiksə, o zaman niyə 1994-cü ildə sülh müqaviləsi deyil, atəşkəs imzaladıq? Sonra araşdırmağa başladım, gördüm ki, heç də iddia edildiyi kimi o ərazinin statusu ilə bağlı danışıqlar olmayıb. Sadəcə, Azərbaycana təhvili mövzusunda müzakirələr baş tutub. Proseslərin dərinliyinə vardıqda, əslində, "artsax"ı 15 il əvvəl itirdiyimizi anladım. Çünki konkret plan nəzərdə tutulmuşdu: əvvəl 5 rayon, sonra isə 2-si təhvil verilməli idi".

Qazaryan Fransanın Gorusda konsulluq açması məsələsinə də toxunub:

"Ümumiyyətlə, Gorusda fransız dili ikinci ana dili hesab olunur. Hələ 2006-cı ildən burada Fransanın mədəniyyət evi və xəstəxanası açılıb. Gorusun Fransa ilə sıx əlaqələri var, sakinlər də bu fikri qəbul edib. Ərazidə istər fransız, istər fars, istərsə də rus olsun, istənilən konsulluğun açılmasını alqışlayıram. Bu, bizim üçün bir sıra təhlükəsizlik məsələlərini həll edəcək". (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31