İrəvan Rusiyanın Zəngəzurla bağlı arzusuna mane oldu – “Ərazi axtarılır”
29 May 10:43 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı Zəngəzurda konsuluğun açılması məsələsi yenə həllini tapmadı.
Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak"ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Rusiya Zəngəzurda 2023-cü ildən bu yana konsulluq açmağa çalışır. İranın 2022-ci ildən Qafanda konsulluğu fəaliyyət göstərir, yaxın günlərdə Fransanın da Gorusda təmsilçiliyi açılacaq. Lakin Moskva son iki ildə nə qədər çalışsa da, hələ buna nail ola bilməyib.
Məlumata görə, Rusiya tərəfi may ayının sonuna kimi bu məsələnin həll olunacağını iddia edir. Lakin Ermənistan KİV hökumət daxilindəki mənbələrə istinadən bildirir ki, rəsmi İrəvan buna yenə qarşı çıxacaq və hər vəchlə mane olacaq.
Ötən gün hakim Mülkü Müqavilə Partiyasının nümayəndəsi Marina Qazaryanın məsələ ilə bağlı "Hraparak"ın sualına cavabı maraq doğurub.
"Konsulluq binası üçün ərazi axtarılır, gecikməyə səbəb budur. Bütün problem əslində icma merinindir, məsuliyyət ondadır", - Qazaryan bildirib.
Qeyd edək ki, Fransanın Gorusdakı konsulluğunun iyunun 2-də açılacağına dair məlumatlar yayılıb.