BÖYÜK ƏDƏBİYYATŞÜNAS ALİM, YORULMAZ TƏDQİQATÇI – ƏZİZ ŞƏRİF
28 Mart 2024 17:44 ƏdəbiyyatAzərbaycan ədəbiyyatşünaslıq elminin sütunlarından, onun nəhəng simaları və yaradıcılarından biri olan tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin (1895-1989) elmi , memuar və epistolyar irsi böyük bir epoxanı və nəhəng ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən birini təşkil edir. Alimin yorulmaz fəaliyyəti Azərbaycan ədəbiyyatının bir sıra mərhələləri, problemləri və görkəmli simaları, Azərbaycanda intibah ədəbiyyatı və bir sıra başqa məsələlər barədə yeni faktların ortaya çıxarılması ilə səciyyəvilik qazanmışdır.
Məlum həqiqətdir ki, istənilən bir elm sahəsində hər hansı bir fakt və ya dəlilin sübuta yetirilməsində mənbənin rolu müstəsna əhəmiyyət kəsb edir. Mənbə etibarlı olanda faktın sübuta yetirilməsi və onun həqiqiliyinə inamın əldə olunması da məntiqəuyğun olur. Bu baxımdan ədəbiyyatşünaslıq sahəsində də çoxsaylı fikir və mülahizələr var ki, onların elmi həqiqiliyinin təsdiqi üçün etibarlı mənbənin varlığına böyük ehtiyac duyulur. Bu mənada hərtərəfli yaradıcılığa, zəngin ədəbi irsə malik, böyük bir epoxanın şahidi, görkəmli şəxsiyyətlərlə ünsiyyətdə olmuş görkəmli pedaqoq və elm adamı Əziz Şərif irsi də məhz belə əhəmiyyətli mövqeyə malik olan mənbə rolunu oynayır. Bu nəhəng alimin irsi əsasında məhz ədəbiyyatşünaslıq elmimiz çoxsaylı fakt və dəlillərlə zənginləşmiş, görkəmli şəxsiyyətlərin həyatı və yaradıcılığına dəqiqlik və yeniliklər gətirilmiş, dövrə, problemə aydın bir işıq tutulmuşdur. Alimin zəngin elmi irsində kimlər haqqında ciddi məlumat və bəhslər yoxdur ki?! M.V.Vidadi, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar və başqaları...
Əziz Şərif Azərbaycan realist ədəbiyyatının bayraqdarı Mirzə Fətəli Axundzadənin görkəmli tədqiqatçılarından biri kimi təkcə ədibin yaradıcılığını təhlil və həyatını yazmaqla kifayətlənməmiş, həm də bu böyük şəxsiyyətin irsini yorulmadan tədqiq edərək ədəbiyyatşünaslığımızı yeni faktlarla zənginləşdirmişdir. Mirzə Fətəli Axundzadənin orijinalı elmə məlum olmayan Puşkinin ölümünə yazdığı "Şərq poeması"nı məhz o tanıtmış və bu əsər haqqında ilk dəfə əhatəli şəkildə bəhs etmişdir.
Əziz Şərif irsi, onun xatirələri bir çox cəhətdən sanballı mənbələr sırasına daxildir. Təkcə bir faktı demək yetər ki, məhz bu xatirə qeydlərinin sayəsində böyük bir dövrün, epoxanın görkəmli şəxsiyyətləri, onların xasiyyət, yaradıcılıq və fəaliyyəti, başqa şəxsiyyətlərlə münasibəti və s. öyrənilmiş, bir çox görkəmli şəxsiyyətlər və hadisələr haqqında fikir yürütmək imkanı olmuşdur. Bunu da əlavə etmək olar ki, böyük romantik ədib Hüseyn Cavidin həyatının İstambul dövrü və Türkiyədəki təhsili barədə ilk məlumatı məhz Əziz Şərifin xatirə qeydləri vermişdir. Xüsusilə alimin atası Qurbanəli Şərifzadə ilə böyük ədib Hüseyn Cavidin yaxın dostluqdan doğan məktublaşmaları məhz alimin "Keçmiş günlərdən" xatirə kitabına daxil olmaqla ciddi elmi mənbə rolunu oynamış, görkəmli romantik sənətkarımızın həyat yolu haqında ilk və təfərrüatlı məlumatların əldə edilməsinə ciddi mənbə olmuşdur. Həm də böyük sabirşünas olan Əziz Şərif böyük satirik Mirzə Ələkbər Sabir haqqında ilk sanballı və əhatəli tədqiqat əsərini də ərsəyə gətirən alimdir. Onun xatirələrində Sabirlə bağlı əksini tapan təfərrüatlı məlumatlar sabirşünaslığın ən etibarlı qaynaqlarından biri kimi çıxış edərək böyük şairin elmi tərcümeyi-halının yazılmasında əvəzsiz rol oynamışdır. "Son dərəcə səliqəli alim" (M.Cəfər) olan Əziz Şərifin xatirələr kitabının ikinci cildində böyük Sabirin həyatının sonuna yaxın verilən təfərrüatlı qeydlər görkəmli şairin elmi cəhətdən yazılmış tərcümeyi-halını xatırladır. Buraya "Sabirin bir şeiri haqqında", "Sabirin nəzirələri" kimi sanballı məqalələri də əlavə edəsi olsaq, Sabir haqqında yazılmış mükəmməl bir əsərin ortaya qoyulduğunu və sabirşünaslığın əsasında necə böyük əhəmiyyətə malik olduğunu görə bilərik.
Görkəmli alimin qeydləri və tədqiqləri mirzəcəlilşünaslıq və mollanəsrəddinşünaslıq üçün də əvəzedilməz mənbə rolunu daşıyır. Əziz Şərif və onun elmi irsi Azərbaycan ədəbiyyatşünaslığında mirzəcəlilşünaslığın və mollanəsrəddinşünaslığın da ən layiqli tədqiqatçılarından və etibarlı mənbələrindən biri kimi tanınır. Bunu bir qədər də özünəməxsuslaşdıran və ona xüsusi məna qazandıran Əziz Şərifin özünün 11 yaşından mollanəsrəddinçi olması və "Molla Nəsrəddin" jurnalında şəxsən iştirak etməsi ilə yaxından bağlı olması idi. Belə ki, tale elə qismət etmişdi ki, Əziz Şərif atası Qurbanəli Şərifzadə kimi dövrün mötəbər ziyalıları ilə yaxından yoldaşlıq və dostluq münasibətlərində olan, şəxsən H.Cavid, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və başqa görkəmli ziyalılarla ünsiyyətdə olan, evi ziyalı və görkəmli şəxsiyyətlərin ailə ocağına çevrilən, qapısı Naxçıvandan Tiflisə, Tiflisdən Naxçıvana və digər istiqamətlərə gedib-gələn çoxsaylı ziyalı kütləsi üçün açıq olan tanınmış insanın övladı idi. Q.Şərifzadə isə, H.Cavid demişkən, "məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi". Bu mənada Əziz Şərif gözünü dünyaya açanda dövrün mötəbər şəxsiyyətlərindən olan atası Qurbanəli Şərifzadəni, onun elm və bilik saçan kitablarını görmüş, bu evin qapısını sidq-ürəklə açıb süfrə başında oturan nəhəng şəxsiyyət və görkəmli adamların valehedici söhbətlərini eşitmiş idi. Əziz Şərif hələ dünyanı təzə anlamağa başlayan körpəliyindən bütün şərq və türk dünyasının yaxından tanıdığı ziyalılıq və vətəndaşlıq nümunəsi olan Mirzə Cəlili, böyük satira ustası M.Ə.Sabir, Ə.Haqverdiyev, "söz və fikir zadəganı" böyük Hüseyn Cavid və başqalarının əhatəsində böyümüş, onların isti sığallarını, maraq dolu söhbətlərini, taleyini istiqamətləndirən münasibətlərini görmüşdü. Mirzə Cəlillə Qurbanəli Şərifzadənin münasibətləri bir az daha fərqli, daha yaxın və isti idi. Bunu Mirzə Cəlilin vaxtilə Qurbanəli Şərifzadəyə hədiyyə etdiyi kitablardan birinə yazdığı: "Bu kitabı mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə ki, bizlər də ölüb gedəndən sonra onun oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar" sözləri də təsdiq edir. Elə bu həvəs və təsir idi ki, Əziz Şərif özü də əlinə qələm düşən kimi yazmağa başlayır, yazmağı öyrənəndən sonra isə özünün intəhasız və olduqca maraq dolu xatirələrini kağıza köçürürdü. 11 yaşında ikən böyük ədib Cəlil Məmmədquluzadənin qayğısı və köməkliyi ilə məşhur "Molla Nəsrəddin" jurnalında yazısının dərc olunması Əziz Şərifi zəngin və əhatəli yaradıcılığa daha da sövq etdi. Körpəliyindən mollanəsrəddinçilərin qayğısı və əhatəsində böyüyən Əziz Şərifin sonralar ən etibarlı, ciddi və sanballı mollanəsrəddinşünas kimi yetiçməsi də bu proseslərin məntiqi nəticəsi idi. Alimin özü də bu barədə yazırdı: "Mətbuatda mənim ilk yazım 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının səhifəsində çap edilmişdi. Bütün bu yazıların ciddi mətbuat səhifəsində işığa çıxdığı təsadüfi olsa da, mənim yazı-pozuya olan həvəsim heç də təsadüfi deyildi. Çünki mən yazmağı çox sevərdim. Əlimə kağız-qələm keçən kimi "yaradıcılığa" başlardım. Hər şey yazardım. Savad öyrənən gündən mənim qələmim işsiz qalmazdı. Mənim yazı-pozuya olan həvəsimi mühitim də az qızışdırmırdı. Lap uşaq ikən atam, müəllimim Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalının redaksiyası, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əbdürrəhimbəy Haqverdiyev, Eynəli Sultanov, Hüseyn Minasazov və başqa müəllim, yazıçı və jurnalistlər mənə dəstək olmuşdular".
Böyük Mirzə Cəlil yaradıcılığına maraq və qayğı daim Əziz Şərifin canında, qanında olmuşdur. Böyük bir ziyalı nəslinin ağsaqqalı və öndəri Cəlil Məmmədquluzadənin qayğısını ehtiramla xatırlayan alim onun yaradıcılığının tədqiq edilməsi və təbliğinə də bir mənəvi borc kimi yanaşırdı. Göstərilən bu diqqətin, çəkilən bu zəhmətin bəhrəsi idi ki, Əziz Şərif Azərbaycan ədəbiyyatşünaslığında "Molla Nəsrəddin" jurnalını ilk dəfə əhatəli tədqiqat obyektinə çevirməyə və ən irihəcmli, sanballı "Molla Nəsrəddin necə yarandı" əsərini yazmağa müvəffəq olmuşdur. Elə böyük ədibin tədqiqatlardan kənarda qalan "Binəsiblər", "Xeyir-dua" kimi felyetonları da məhz Əziz Şərifin ciddi tədqiqatları nəticəsində məlum olmuş, görkəmli ədibin kitablarına daxil edilmişdir. Alimin tədqiqatları sayəsində böyük ədibin həyat yolu, təhsili, təvəllüdü kimi məsələlərə aid sanballı məlumatlar ortaya çıxarılmışdır. Görkəmli alimin 1968-ci ildə rus dilində, 1986-cı ildə Azərbaycan dilində çap olunmuş "Molla Nəsrəddin" necə yarandı" monoqrafiyası Azərbaycan mollanəsrəddinşünaslığını formalaşdıran və bu ədəbi hərəkatın elmi sütununa çevrilə bilən dəyərli tədqiqat əsəri kimi maraq doğurur.
Görkəmli elm adamı Əziz Şərifin məktubları da xüsusi elmi əhəmiyyətə malikdir. Belə ki, alimin böyük ziyalılarla məktublaşmalarında elə faktlara rast gəlmək olur ki, onlar hansısa bir fikrin təsdiqi üçün olduqca etibarlı mənbə hesab oluna bilər. Əziz Şərif Mirzə Cəlilə böyük sevgi və məhəbbətlə yanaşdığı kimi onun adı ilə bağlı olan hər şeyə məsuliyyət və borc hissi ilə yanaşırdı. Böyük ədibimizin qız balası olan Münəvvər xanımın ehtiramla yad edilməsi, qayğı ilə əhatə olunması da Əziz Şərif üçün bir börc hesab edilirdi. Əziz Şərifin mötəbər ziyalılardan olan Əli Əliyevə, Abbas Zamanova, İbrahim Bağırova və başqalarına olan məktublarında yer alan çoxsaylı faktlar var ki, bu məktublar da sanballıı elmi mənbələr kimi maraq doğurur. Ümumiyyətlə, professor Əziz Şərifin bütün irsi ciddi elmi mənbə rolunu oynayır. Onun xatirələri və digər ədəbi yaradıcılığında əks olunan məlumatlar bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığı üçün ciddi və etibarlı elmi mənbə rolunu oynamaqdadır.
93 il ömür sürmüş professor Əziz Şərifin xatirəsi də, elmi irsi də bizim üçün əzizdir. Vaxtilə ustad C.Məmmədquluzadə Q.Şərifzadəyə yazdığı məktubunda "Əzizdən nigaran olma!", - deyə yazırdı. Doğrudan da, Əziz Şərifin aldığı mükəmməl təhsil və yorulmaz fəaliyyət sayəsində ortaya qoyduğu zəngin yaradıcılıq bu böyük alimi hamı üçün əzizə çevirməklə əbədiyaşar etdi.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent