Aleksandr Olbin missiyası: ABŞ-Azərbaycan münasibətlərində yeni təhlükəsizlik dövrü? – ÖZƏL

"Uzun müddətdən sonra nəhayət ki, Amerika Birləşmiş Ştatları Azərbaycana səfir namizədini irəli sürüb. Prezident Donald Tramp Aleksandr Olbinin namizədliyini təqdim edərək Senata göndərib. Ümid edək ki, Senat bu namizədliyi təsdiqləyəcək və ABŞ-nin Azərbaycandakı yeni səfiri tezliklə vəzifəsinin icrasına başlayacaq".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər Aleksandr Olbinin peşəkar fəaliyyətinə və karyera yoluna nəzər salsaq, görərik ki, o, əsasən milli təhlükəsizlik sahəsi üzrə ixtisaslaşıb. Eyni zamanda Avropa və Asiya üzrə mütəxəssisdir. Siyasi elmlər sahəsində dərin biliklərə malikdir və ABŞ universitetlərində dərs deyir. Təbii ki, həm Avropa və Asiya üzrə mütəxəssis, həm milli təhlükəsizlik sahəsində peşəkar, həm də siyasi elmlər üzrə bilikli bir şəxsin Azərbaycana səfir təyin olunması mühüm əhəmiyyət daşıyır. Belə bir namizədin irəli sürülməsi onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının regiona marağı artır və Vaşinqton Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu, eyni zamanda ABŞ və Azərbaycan arasında milli təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, Aleksandr Olbin Asiya üzrə də mütəxəssisdir, bu məqam ayrıca diqqət çəkir. ABŞ Azərbaycanı Asiya ilə Qərb arasında mühüm körpü rolunu oynayan ölkə kimi qiymətləndirir və bu amil də onun namizədliyinin irəli sürülməsində müəyyən rol oynamış ola bilər.

"Bütün bu görünən və görünməyən məqamları nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, indiki administrasiya dövründə Amerika Birləşmiş Ştatları Azərbaycanla əməkdaşlığın həm təhlükəsizlik, həm iqtisadi, həm də siyasi sahələrdə daha da genişləndirilməsini hədəfləyir. Məhz buna görə də bu sahələr üzrə təcrübəli və peşəkar bir kadr səfir postuna namizəd göstərilib. Ümid edək ki, qarşıya qoyulan məqsədlər və nəzərdə tutulan niyyətlər uğurla həyata keçiriləcək və yeni səfir ABŞ-Azərbaycan münasibətlərinin inkişafına öz töhfəsini verə biləcək", - deyə ekspert qeyd edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31