Azərbaycan Avropanın enerji təhlükəsizliyinin vacib elementinə çevrilib- ÖZƏL

"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək siyasəti fonunda Azərbaycan təbii qaz təchizatçısı kimi strateji əhəmiyyət qazanmışdır. Azərbaycan qazı bir sıra Avropa dövlətlərinin enerji balansında mühüm yer tutur və qitənin enerji asılılığının azaldılmasına töhfə verir. Bu, ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi statistik rəqəmlər Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfənin miqyasını və Azərbaycan qazının ixrac coğrafiyasının nə dərəcədə sürətlə genişləndirdiyini əks etdirir. Belə ki, ötən il Azərbaycan qazını alan ölkələrin sayı 12 idisə, hazırda bu rəqəm 16 -ya çatıb. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Dövlət başçısı əminliklə vurğulayıb ki, bu göstərici gələcəkdə daha da artacaq və Azərbaycan yeni bazarlara çıxış istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını göstərən digər mühüm göstərici təbii qaz ixracıdır. 2024-cü ildə ölkə tərəfindən xarici bazarlara təxminən 25 milyard kubmetr təbii qaz ixrac olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin vacib elementinə çevrilib və bu gün Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də enerji təhlükəsizliyinin yalnız neft və qazla məhdudlaşmaması, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafını əhatə etməsi idi. Azərbaycan son illərdə yaşıl enerji keçidini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Xəzər dənizinin böyük külək potensialı, günəş enerjisi layihələri və beynəlxalq investorlarla əməkdaşlıq ölkənin gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməsi üçün geniş imkanlar yaradır. Bu sahədə də mühüm hədəflər müəyyənləşdirilib. Hazırda ölkədə təxminən 2 giqavat güc mövcuddur və imzalanmış müqavilələr əsasında 2032-ci ilədək əlavə 7-8 giqavat günəş və külək enerjisi gücü yaradılması planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31