DOQQUZUNCU TÜRKİYƏ SƏFƏRNAMƏSİ

Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/511425

QARŞIDA BİR DƏ SƏFƏR VAR, GEDİRƏM TÜRKİYƏYƏ!

Sonrakı səhifədə Azərbaycanın Milli Marşının sözləri Türkiyə türkcəsi ilə verilir və Türkiyə Milli Marşı ilə müqayisəli təhlil edilir. Və çox sevindim ki, Asiya, Avropa, Afrika və Amerika ölkələri arasında mənim Azərbaycanımın Milli Marşı da yer tutmuşdur.

Ankara İldırım Bayazid Universitetinin Mehmed Akif Ərsoy salonundayıq. Səhnə üzərində türkcə, ingiliscə və ərəbcə "Hoş gəldiniz!", "Welcome!", "Əhlən və səhlən və mərhaba bekum!" kimi salam sözləri yazılmışdır.

Türkiyənin Dövlət Himni və Türkiyə İstiqlal Marşı ayaq üstdə dinlənildi. Açılış mərasimi. Prof.Dr.Ozan Güngör, Prof.Dr. Selma Yel, Prof.Dr.Yaqub Civelek (Türkiyə), Prof.Dr. Riya Osman (Livan) və universitetin rektoru Prof.Dr. İbrahim Aydınlı qısa çıxış etdilər. Onlardan sonra Birinci oturum. Moderator (Birinci oturumun aparıcısı) professor Zəki Taştandır. Ondan sonra Qazi Universitetinin professoru Selma Yel kürsü arxasında göründü. Prof. Naci Aslan (Çukurova Universiteti) və Prof.Canan Olpak Koçun (Mehmed Akif Ersoy Universiteti) çıxışından sonra Birinci oturum bitdi, bir saatdan sonra İkinci oturum oldu. Türkiyə, Livan, Misir, Özbəkistan, Qırğızıstan, Albaniya, Macarıstan, İran, Kosova, Slovakiya, Tatarıstan, Dağıstan, Çad, Hindistan, Qazaxıstan, Marokko, Ukrayna, Kipr, Sudan və b. ölkə alimlərinin iştirakı ilə 3 gün ərzində 50-dən çox məruzə dinlənildi.

Birinci günün Üçüncü oturumun moderatoru proqram üzrə mən idim. Qeyd edim ki, çıxışçılara əsasən 15 dəqiqə vaxt təyin olunmuşdu, amma Prof.Dr.Ozan Güngör mənə yaxınlaşıb çıxış vaxtının 15 yox, 10 dəqiqəyə endirilməsini xahiş etdi. Buna görə də mən 9 təzmin əvəzinə 5 təzminini oxumaqla kifayətləndim, məndən sonra çıxış edəcək özbək alimləri Şahinə İbrahimovaya, Şirzadxan Mahmudova, həmçinin qırğız tədqiqatçısı Qaliya Kulalıyevaya da təzə təyin olunmuş 10 dəqiqəlik vaxtdan aşmamaq imkanı vermədim. Əlbəttə, bu çıxışçılar bir az incik göründülər. Üzümü Şahinə İbrahimovaya tutub "Mən Şahin, sən Şahinə, Şahinin sözünə Şahinə qoy əməl etsin" dedikdə salonda gülüşmə oldu. Həmyerlimiz alim-dosent Mübariz Məmmədlinin "Mehmed Akif Ərsoy və 1921-ci ildə Sovet Azərbaycanı ilə Türkiyə Böyük Millət Məclisi arasındakı siyasi, mədəni və iqtisadi əlaqələr" adlanan məruzəsi böyük marağa səbəb oldu, mən bu iqtisadçı alimin ədəbi-bədii hazırlığına heyran oldum.

Mübariz Məmmədlinin çıxışından sətirlər: "Hər millət özünün millli və mənəvi dəyərlərinə sahibdir. Bu üzdən ölkənin iqtisadi və sosial sistemini ümumi mədəniyyətdən ayrı incələmək mümkün deyil... Türkiyə və Azərbaycan ədəbiyyatını incələdikdə... bir çox yazar və şair görmək mümkündür... Mehmed Akif Ərsoy bu yazarlar arasında başda duran ən qiymətli şair və mütəfəkkirlərdən biridir. Azərbaycanın önəmli sənətçilərindən biri olan Nəriman Nərimanovun fikrinə görə bir türk xalqının sənətçisi digər türk xalqları tərəfindən bilinməli və təqdir edilməlidir..."  Mübarizdən sonra daha 8 məruzə dinlənildi və bu gün oturum başa çatdı.

Oteldəki odamdayam. Ankara təəssüratlarımı özündə əks etdirən bir şeirimi yazdım:     

Şeir

Gözlərim hüsnünə heyran, sevirəm Türkiyəni,

Burada doğmadı hər yan, sevirəm Türkiyəni.

Çox qəzəl həsr elədim yad eləyib illərlə,

Yazaram şəninə dastan, sevirəm Türkiyəni.

Qeyri bir ölkəyə getcək oluram yad təhəri,

Dincəlir Türkiyədə can, sevirəm Türkiyəni.

Uyuyur Türkiyədə Məmmədəmin tək dahi,

Bu yeri sevdi o İnsan, sevirəm Türkiyəni.

Qonşudurmu iki türk dövləti, yox, qardaşdır,

Bizi dost eylədi dövran, sevirəm Türkiyəni.

Tanrı qoy hifz eləyə dincliyini məmləkətin,

Nə səliqə, necə səhman!.. Sevirəm Türkiyəni.

Şahina, evlənərək lap burada qal, türklər

Sanmasınlar məni mehman, sevirəm Türkiyəni! 

Qeyd edim ki, bu gün 33 məruzə dinlədik və günümüz olduqca səmərəli keçdi.

29 sentyabr

Odamdayam. "İstiqlal marşı və Mehmet Akif Ersoy (Belgeler)" kitabını varaqlayıram. Həmin marşla bağlı olduqca maraqlı məlumatlar - həftədə bir dəfə çıxan "Cərideyi - rəsmiyyə" qəzetində (21 mart) dərc olunmuş "İstiqlal marşı"nın mətni, sonrakı səhifələrdə M.Akifin tərcümeyi-halının faksimiləsi Mehmed Akif bəyin Burdurdan vəkil seçilməsi üçün Mustafa Kamal paşanın göndərdiyi yazının surəti, millət vəkili olaraq fəaliyyətini əks etdirən sənədlərin foto-surətləri, müxtəlif məktubların mətnləri, şairin xarici ölkələrdən qohumlarına yolladığı namələr, Böyük Millət Məclisi iclaslarının protokolları, istiqlal marşının yazılışı və qəbulunu əks etdirən sənədlər, müsabiqəyə təqdim olunmuş "İstiqlal marşları" haqqında məlumat (səsvermə nəticəsində müəlliflər M.Ərsoy 82, Ədnan bəyinsə 80 səs toplaması və Ersoy marşının qəbulu), bu marş müəllifinə 500 lirə mükafat ayrılması, həmçinin mətnin musiqisi üçün də 500 lirə verilməsi, Bohemiyadan (Almaniya) Vilhelm Mukden adlı bir bəstəkarın da himnin bəstəsi üçün müsabiqəyə qatılma ərizəsi, başqa bəstəkarlardan Lemi bəyin, M.Zati bəyin, Zəki bəyin, Ali Rüfət bəyin 2 bəstəsi və bu musiqi mətnlərinin notları əlimdə tutduğum bu kitabda dərc olunmuşdur...

Ankara İldırım Bəyazid Universitetinin Mehmed Akif Ərsoy salonundayıq. Bu günün çıxış və dinləmələri başlandı. Türkiyə, Misir, Marokko, Ukrayna, İran, Kipr, Tatarıstan məruzəçiləri.

30 sentyabr

Saat 14-də konfransın təntənəli qapanış mərasimi Türkiyə Böyük Millət Məclisinin Başkanı Prof.Dr. Mustafa Şəntopun iştirakı ilə başlandı. Prof.Özcan Güngör, Əhməd Baba ("Tarixdaş Millətlər Dərnəyi"nin Başkanı), Prof. İbrahim Aydınlıdan sonra Türkiyə Böyük Millət Məclisinin Başkanı Prof.Dr.Mustafa Şəntop xilafət kürsüsünə dəvət olundu. Sürəkli alqışlar. Təxminən 20 dəqiqə danışan M.Şəntop "İstiqlal marşının" mətnini və müəllifi M.A.Ərsoyu yüksək dəyərləndirdi, iştirakçılarına gələcək uğurlar dilədi.

M.Şəntopun çıxışındakı sətirlər.

"İstiqlal Marşı dövlətimizi yıxmaq və vətən torpaqlarını işğal etmək istəyən imperialist dövlətlərə qarşı milli mücadələ dövründə yazılan və 12 mart 1921-ci ildə millət rəhbərliyinin təmsilçisi olan Böyük Millət Məclisində "Milli Marş" olaraq qəbul edilən bir istiqlal və istiqbal bildirisidir... İstiqlal Marşımız.... millətin üzərinə bir kabus kimi çökən qorxunu dağıtmış, içindəki müstəqillik duyğusunu və mücadilə əzmini artıraraq zəfərə çatmağın yolunu açmışdır. Bu baxımdan İstiqlal Marşımız milli mücadiləmiz, birlik və bərabərliyimiz, istiqlal və istiqbalımız üçün son dərəcə önəmli və qiymətlidir..."

Bu qapanış mərasiminin 8-ci məruzəçisi biri prof. Kərim Şükürov idi. Mən hələ Bakıda ona yazdığı məqalənin olduqca uğurlu olduğunu demişdim: "Mehmed Akif və Azərbaycan: Dönəmin Siyasi Dinamizmi və əlaqələri" məruzəsində başqa məruzəçilər kimi qətiyyən təfsilata varmayan professor çıxışını  reqlament daxilində bitirdi.

Kərim Şükürovun çıxışından sətirlər:

"Mehmed Akifin külliyyatı sadəcə Türkiyədə deyil, dünya ədəbiyyatında da öndər hadisələrdən biridir... Mehmed Akif əsərlərinin oluşum, gəlişmə, dönüşüm və həyatda qalma surəci davam edərkən, Azərbaycanın siyasi həyatındakı bir neçə dövr (Rus imperatorluğu, Cümhuriyyət, Sovetlər Birliyi və yeni Müstəqillik dönəmi) dəyişmişdir. Rus imperatorluğunun dirənişinə rəğmən Azərbaycan o dönəmdə Mehmed Akifin əsərləriylə tanışmışdır. Cümhuriyyət dövründə (1918-20) əlaqələr Azərbaycan-Türkiyə bağlamında genişlənmişdir. Sovet dövründə Mehmed Akifin əsərləri və fikirləri türkçülük və islama qarşı verilən mücadilə sonucunda yasaqlanmışdır. 1980-ci illərin sonunda Azərbaycanda da qurtuluş mücadiləsi genişlənmiş, dövlət Müstəqilliyinin geri qazanılması ilə başa yetmişdir".  Qeyd edim ki, K.K.Şükürova konqresin xüsusi mükafatı təqdim olundu.

Beləliklə, bu möhtəşəm toplanışımız sona yetdi.

1 oktyabr

Sübh saat 10-da bizi təyyarə limanına yola saldılar. Ey Azərbaycanım, gəlirəm Türkiyədən. Sənə Türkiyə boyda salam gətirirəm Türkiyədən. Elə bu gün yazdığım bu səfərimizin sonuncu şeirini təqdim edirəm.

Qəzəl

Qoca səyyah, qayıdış var, gəlirəm Türkiyədən,

Eləyib eşqimi izhar, gəlirəm Türkiyədən.

 

Bir quşam bir adı-şahin, ucuram yurda tərəf,

Bir quşam bir adı-şonqar, gəlirəm Türkiyədən.

 

Çox səyahət elədim, mən yenə gəlləm, gəlləm,

Bəlli olmuş sizə ünvan: Gəlirəm Türkiyədən.

 

Yaxşı ki, Topqapıdan toplar atılmış və susub,

Ola əmniyyəti qoy car, gəlirəm Türkiyədən.

 

Mədəniyyət məni heyran eləyibdir burada,

Nə qədər pakizə rəftar!... Gəlirəm Türkiyədən.

 

Sənə, ey Azəribaycan eli, Şahin söylər:

Türkiyə boyda salam var, gəlirəm Türkiyədən.

 

Bakı-Ankara-Bakı

P.S. Sözümün bu yerində Mehmed Akif Ersoyun Şeirlərindən ilhamlanıb yazdığım 5 təzminin hərəsindən bir neçə beyti misal gətirməklə kifayətlənirəm, çünki 9 təzminimin hamısı yaxın günlərdə çap olunası "Beşinci Divan" kitabımda öz əksini tapacaqdır. Mənim 5 təzminimin bəzi misra və beytlərindən:

5-ci təzmindən:

Verməyin siz mənə qəm, mən qəmi az-çox bilirəm,

Qəlbimi xürrəm edən xürrəmi az-çox bilirəm.

Mənə söz söyləməyin gizlicə, yox faidəsi,

Aşikar söz danışın, mübhəmi az-çox bilirəm.

Etməsinlər mənə hər məlhəmi təqdim, ayığam,

Dərdimə çarə olan məlhəmi az-çox bilirəm.

Nə gözəl söylədi misrasını Ərsoy, Şahin,

"Mən də tarix oxudum, aləmi az-çox bilirəm"

6-cı təzmindən:

"Ey şehit oğlu şehit, istəmə bəndən makber,

Sana ağuşunu açmış duruyor Peyğəmbər".

Ey Vətən qeyrətini hifz eyləyən namusla,

Şəhidim, Haqqa tapındın deyib "Allah-Əkbər"...

Sən yaşam haqqını yazdın adına süngü ilə,

Sənə köynək kəfən olmuş, sənə süngü-xəncər...

Ey şəhid oğlu şəhid, ər soyu olmuş cəddin,

Ey vətənpərvərim, ey elsevər, ey yurdpərvər...

7-ci təzmindən:

"Basdığın yerleri "toprak" diyerek keçmə, tanı,

Düşün altındakı binlerle kefensiz yatanı"...

Qan ki, can cövhəridir, bilməliyik qiymətini

Axıdan var nə səbəbdən yerə bihudə qanı,

Nəyə lazım, kimə vacib bu qədər əsləhələr, -

Yeri torpaq dağıdır, mərmi isə asimanı.

Düşmüsən məktəbə dünyayə gəlib, ey Şahin

Keç şəhid dərsini, Allahına ver imtahanı!

8-ci təzmindən:

"Allahı seversen, nazarından güzer etme",

Şayəd güzər etsen mənə bir də nəzər etmə!

Baldan da, şəkərdən də şirin günlərimiz var,

Günlər ki, şirindir, acı etmə, zəhər etmə...

Can cövhərimi etmə quru, qupquru, yaxud

Göz yaşlarımı Mərmərə etmə, Xəzər etmə...

9-cu təzmindən:

Çektirme, İlahi, bu kadar zilleti... Amin!"

Millət yaradıbsan və yaşat milləti!.. Amin!

Sən cənnəti Yerdən aralı Yerdə qurubsan,

Eykaş, görək Yerdə də, biz cənnəti... Amin!..

İnsanlarımız ki eləyər vəhşini həm mat,

Yerdən uzaq et Yerdəki vəhşiyyəti... Amin!..

Bərpa elə haqq işləri ki, haqsız edirlər,

Bərpa elə istiqlalı, hürriyyəti... Amin!

Şahin nəçi ki, əmr edə, Allah, ricadır:

Artır qoca dünyadəki əmniyyəti... Amin!

Şahin Fazil

tarix elmləri doktoru,

professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31