DOQQUZUNCU TÜRKİYƏ SƏFƏRNAMƏSİ: QARŞIDA BİR DƏ SƏFƏR VAR, GEDİRƏM TÜRKİYƏYƏ!
17 İyun 2023 15:48 ƏdəbiyyatBu ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix institutunun Baş direktoru, professor Kərim Şükürov bir təklifi ilə məni sevindirdi: Qarşıda Ankara şəhərində məşhur istiqlal şairi Mehmed Akif Ersoyun şərəfinə Beynəlxalq bir konfrans keçirilməlidir. Səni məsləhət görmüşük. İki nəfər dəvət olunub. Mən də gedəcəyəm.
Əlbətdə razılığımı bildirdim. Bu təklifdən əvvəl AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov mənə Osmanlı İmperiyasının ilk paytaxtı olmuş Bursa şəhərində 5 gün davam edəcək başqa bir Beynəlxalq Konfransda iştirakı üçün razılığımı almışdı. İki möhtəşəm yığıncaq. Hər birində iştirak etmək şərəfdir. Nizami Gəncəvi və Mehmed Akif Ersoy toplantıları. Məgər "Böyük Azərbaycan şairi Nizami Gəncəvi Uluslararası Konqresi" adlanan toplantıya qatılmaq şərəfli deyildimi? Axı dövlətimiz tərəfindən 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi ili" elan olunmuşdur.
Türkiyədə keçiriləcək birinci konfrans (Bursa) ikincidən (Ankara) iki ay əvvəl başlayıb bitdi. Bu haqda bundan əvvəlki "Səkkizinci Türkiyə səfərnaməsi"ndə geniş məlumat vermişəm. Qeyd edim ki, mən Bursa konfransına Nizamidən tərcümə etdiyim bəzi beytlərə yazdığım 9 qəzəl-təzminlə getmişdim. İndi isə Mehmed Akif Ərsoyun şerləri. Mən bu istiqlal şairinin yaradıcılığı ilə çoxdan tanış idim. "İkinci Divan" kitabını varaqladım. Orada 2002 və 2005-ci illərdə yazdığım 5 qəzəl-təzminim dərc olunmuşdu ki, onlarla kifayətlənməyib əlavə olaraq 4-ünü də yazdım. Deməli, Ərsoy Konfransı üçün də 9 təzmin! Mən ikinci şairi birinci şairdən əksik tutmadım: 9+9! İki şairin şərəfinə 18 təzmin!
Bursa Konfransındakı iştirak zamanı Nizamiyə həsr etdiyim bütün təzminlərimi dinləyicilərimin nəzərinə çatdırmışam.
İndi isə Ankara Konfransı! Yenə də 9 təzmin təqdim edəcəm inşAllah! Amma, bununla kifayətlənmədim və qarşıdakı doqquzuncu səfərinin münasibətilə yeni bir şeir də yazdım. Yazdım ki,
Qəzəl
Qarşıda bir də səfər var, gedirəm Türkiyəyə,
Etmədim təklifi inkar, gedirəm Türkiyəyə.
Elə yer var ki, onunla görüşə xoş deyiləm,
Xoş bu ki, mən yenə təkrar gedirəm Türkiyəyə.
İlbəil bir neçə həmkar ilə həmkar oldum,
Bir daha olmağa həmkar gedirəm Türkiyəyə.
Ərsoyun məclisinə dəvət olundum təzəcə,
Mehmed Akifdi səbəbbkar, gedirəm Türkiyəyə.
Neçə ildir ki, görüş dostlar ilən olmurdu,
Ola qoy dostlarıma car, gedirəm Türkiyəyə.
Türkiyə türkü ilə Azəribaycan türkü
Edəcək bir daha ilqar, gedirəm Türkiyəyə.
Qarabağ hadisəsindən gözümüz nurlandı,
Düşmənim ağladı zar-zar, gedirəm Türkiyəyə.
Bizi təqdir eləyib də o zəfər hərbində
Türkiyə oldu vəfadar, gedirəm Türkiyəyə.
Şahina, təqdirə layiq bizə imdad etmiş,
Necə qüdrətli diyar var, gedirəm Türkiyəyə!
25 sentyabr, 2021
26 sentyabr
Heydər Əliyev adına Beynəlxalq hava limanı. Kərim müəllimlə yaraşıqlı gözləmə zalında əyləşib təyyarəyə miniş vaxtını gözləyirik. Söhbət Türkiyədən düşdü. O da, mən də Türkiyəpərəstik. Əvvəlki səfərlərim zamanı həmin diyara məhəbbətlə onlarla şeir yazmışdım. Kərim müəllim "Bir neçəsini mənə de" dedi. Birini dedim:
Türkiyədir, Türkiyədir, Türkiyə
Bəd günüm olcaq yetişən dadıma
Türkiyədir, Türkiyədir, Türkiyə.
Söyləmişəm çox kərə övladıma
Türkiyədir, Türkiyədir, Türkiyə.
Yardım edib külli Azərbaycana,
Türkçülüyü bəlli Azərbaycana,
Qardaş olan milli Azərbaycana
Türkiyədir, Türkiyədir, Türkiyə.
Çox sınadıq biz, ona tən harda var?
Dərdimi öz dərdi bilən bir diyar!
Sevgisi bəlli, əməli aşikar
Türkiyədir, Türkiyədir, Türkiyə.
Yağı ilə cəngə girən məmləkət,
Cəngə mücahid gətirən məmləkət,
Türk Atatürkü yetirən məmləkət,
Türkiyədir, Türkiyədir, Türkiyə.
Tariximiz bəllidi şəksiz kimi,
Qətliama məruz olan biz kimi
Faciəsi canlı qalan iz kimi
Türkiyədir, Türkiyədir, Türkiyə.
Bax ki, cahan içrə nə al-ver gedir,
Türkiyə cəng etməyi inkar edir,
Bəli, siyasətdə olan müqtədir
Türkiyədir, Türkiyədir, Türkiyə.
Yar ilə öz yarlığını hifz edən,
Əğyara inkarlığını hifz edən,
Əzm ilə öz varlığını hifz edən
Türkiyədir, Türkiyədir, Türkiyə.
"Olmalı türk-türkə dayaq" söyləyən
"Çəkməliyik düşmənə dağ" söyləyən,
Düşsə yeri hey "Qarabağ" söyləyən
Türkiyədir, Türkiyədir, Türkiyə.
Eyləmişik, eyləyirik iftixar,
Çünki qazanmış, qazanır etibar,
Suriya qaçqınlarına hami var -
Türkiyədir, Türkiyədir, Türkiyə.
Türkiyəmi hər vədə şən etmə zənn,
Soyqırımın soy qırımından bezən.
Qismətə bax həm əzilən, həm əzən
Türkiyədir, Türkiyədir, Türkiyə.
Gün kimi aşkar Azərbaycana
Kimdi vəfadar Azərbaycana!
Sadiq olan var Azərbaycana -
Türkiyədir, Türkiyədir, Türkiyə,
Türkiyədir, Türkiyədir, Türkiyə!!!
İğdır
17.10.2019
Mən bu şeirimi iki il bundan qabaq İğdır şəhərində keçirilən "Birinci Uluslararası 20-ci yüzilliyin ilk yarısında türk-erməni münasibətləri Simpoziumu" zamanı yazmışdım. Necə xoşdur ki, bu şeirim indi də öz aktuallığını saxlayır, gələcəkdə də saxlayacaq inşallah!
Bu vaxt Mübariz Məmmədli adlı ortayaşlı bir adam bizə yaxınlaşdı və Kərimlə olduqca mehribanlıqla görüşdü, məni tanıdığını da bildirdi. Bildim ki, İnstitutumuzun müvafiq şöbəsində işləyən tarix üzrə fəlsəfə doktoru İradə Məmmədovanın qardaşıdır, İqtisad Universitetinin dosenti və Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiridir. Bildirdi ki, o da bizim gedəcəyimiz konfransa gedir.
Ankara! Son dəfə 2018-ci ildə olmuşdum bu şəhərdə. Türk Tarix Kurumunun 4 ildən bir təşkil etdiyi 18-ci Beynəlxalq konqresdə. Qayıdandan sonra "Qarabağ dərdinə, əlbəttə, hayan Türkiyədir" adlı altıncı Türkiyə səfərnaməmi də yazdım. Diqqət yetirdinizmi? "Qarabağ dərdinə, əlbəttə, hayan Türkiyədir". Sanki 2020-ci ildə olmuş ikinci Qarabağ müharibəsini - Zəfər müharibəsini irəlicədən görüb yazmışdım həmin səfərnaməmi. Tarixi əhəmiyyətli bir zəfər!
Qırx dörd günün hər günü
Qələbə, zəfər günü!
Əlbəttə, Türkiyənin qardaş köməyi sayəsində!
İndisə doqquzuncu səfərnamə. Səfərdən sonra bu səfərnaməmi də yazıb-bitirərəm inşallah.
Təyyarəyə miniş başlandı. İki saat yarımlıq uçuş. Ankaranın Esenbuğa Beynelxalq hava limanı. Bizi Ankara Yıldırım Beyazit Universitetinin professoru Özcan Güngör qarşıladı.
O, bir ay yarım əvvəl Ağdamda keçirilən (15-18 sentyabr 2021) Azərbaycanın Türkiyə əlaqələri və Beynəlxalq münasibətləri həsr olunmuş toplantıya təşrif gətirən türk alimləri ilə birlikdə Azərbaycana gəlmişdi. İndi isə onunla Ankarada görüşdük.
Maşın bizi adı ingiliscə "Nyu Park otel" olan mehmanxanaya çatdırdı. Hər birimizə ayrı-ayrı yaraşıqlı və hər şəraiti olan, türklər demişkən "odalar" verildi.
27 oktyabr
Bu gün sabiq Böyük Millət Məclisinin artıq muzeyə çevrilmiş binasında olmalıyıq. Olduq. İstiqlal marşının qəbul olunduğu otaq. Müxtəlif zallar, kitabxana, iclasların keçirildiyi salonlar, divarlarda foto-şəkillər və s.
Bu gün həm də Mustafa Kamal Atatürkün şərəfinə inşa edilən və o məşhur millət rəhbərinin məğbərəsi olan "Anat Kabır"ı ziyarət etməliyik.
Ciddi yoxlanış tədbirləri. Ziyarətimiz başlandı və bitdi. Nahardan sonra Tacəddin camesi, yaxud Tacəddin dərgahı adlanan yerə yollandıq. Sahəsi o qədər də geniş olmayan həyətin baş tərəfində "Mehmed Akif Ersoy Kültür Mərkəzi" yerləşir, sol tərəfdə came, sağ tərəfdə onlarla baş daşları boylanan qəbirlər...
Günümüz bitdi. Otelə qayıtdıq. Bir qədər dincəldikdən sonra "Nyu Park"ın qarşı tərəfində salınmış və bir hektardan çox sahəsi olan parkda gəzintiyə çıxdıq. Çoxsaylı ağaclar, skamyalar, kafelər və ... payız yarpaqları. Saralan yarpaqlar. Mənim yaz və yay aylarında yamyaşıl olan, xəzan fəsli yaxınlaşdıqdasa sapsarı saralan və saplağından qopub yerə düşən yarpaqlara yazığım gəlir. "Sarı yarpaqlara yazığım gəlir" adlı şeirimin müxtəlif bəndlərini xatırladım:
"... Bizdə də yarpağın xisləti vardır,
Rəngdən rəngə düşmək adəti vardır...
Könlümdə saralmaq xiffəti vardır,
Sarı yarpaqlara yazığım gəlir...
Yaman saralacaq torpaq bir azdan,
Bu çəmən bir azdan, bu bağ bir azdan,
Torpaqda xəzəldir yarpaq bir azdan.
Sarı yarpaqlara yazığım gəlir...
Libası sarıya bürüyəcəklər,
Quruya-quruya çürüyəcəklər,
Çürüyə-çürüyə əriyəcəklər...
Sarı yarpaqlara yazığım gəlir...
Nələri, nələri xatırladırlar,
Qüssəni, kədərini xatırladırlar,
Sarı çöhrələri xatırladırlar
Sarı yarpaqlara yazığım gəlir...
Rəngin qəşənginə nə oldu belə?
Bağın ahənginə nə oldu belə?
Yarpağın rənginə nə oldu belə?
Sarı yarpaqlara yazığım gəlir...
Yaşıl rəng elə ki, soldu, saraldı,
Özü-öz başını bəlaya saldı.
Yaşıllıq tərk oldu, sarılıq qaldı
Sarı yarpaqlara yazığım gəlir...
Bu ötərgi rəngin ədası çoxmuş,
Canım, səfasından cəfası çoxmuş
Eyvah, yaşıl rəngin vəfası yoxmuş,
Sarı yarpaqlara yazığım gəlir...
Yarı tərk edirsə yarı, dərdi var,
Yarı qüssəsi var, yarı dərdi var,
Sarı yarpaqların sarı dərdi var,
Sarı yarpaqlara yazığım gəlir...
Saxlama yarpağı, gücsüzdür budaq,
Necə də vəfasız, vecsizdir budaq...
Gələn il təzədən yaşıllaşacaq,
Sarı yarpaqlara yazığım gəlir...
Ömür bağçasına elə ki girdim,
Həyatda neçə rəng tapdım itirdim,
Yaşıllıq dövrümü mən də bitirdim,
Sarı yarpaqlara yazığım gəlir...
Sarı yarpaqlara yazığım gələ-gələ odama qayıtdım. Sabah konqremizin açılışı günüdür. Yuxumun qapısını açıb yatdım.
28 oktyabr
Ankara Yıldırım Bəyazid Universitetindəyik. Konfransa 28 ölkədən 63 elm adamı dəvət olunub. Hər birimizə çanta, çantada proqram və qələm, yazı kitabçası, konqresə yolladığımız tezislərin özət kitabı, habelə 720 səhifədən ibarət olan "100 ölkə, 100 Marş - İstiqlal Marşı" adlı böyük bir "Marşlar toplusu" təqdim olundu, və "İstiklal Marşı və Mehmet Akif Ersoy (bilgiler) sənədlər toplusu" verildi. Açılışa hələ yarım saat var. "100 ölkə, 100 marş - istiqlal marşı" toplusunun arxa cildi üzərindəki bir cümlə üzərində dayandım:
"Türk millətinin müstəqillik simvolu olan İstiqlal Marşının 12 mart 1921-ci ildə Böyük Millət Məclisində qəbul edilişinin üzərindən tam bir əsr keçdi... "100 ölkə, 100 Marş - İstiqlal Marşı" və orijinal bir əsər...
Əsəri varaqladım. 39-cu səhifə. "Türkiyə və Azərbaycanın Milli Marşları" Müəllifi İstanbul Aydın Universitetinin Professoru Kazım Yetişdir. Necə deyərlər, ürəyim dağa döndü. Xüsusilə bir qeydin üzərində dayandım: "1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulur... Milli Marş yazılması söylənilir, müsabiqədə qazanana para ödülü veriləcəyi qeydləri də vardır. Bu Marşın misraları Türkiyə Cümhuriyyəti Marşının hekayəsi ilə bir-birinə çox bənzər. Yalnız Azərbaycan Marşının Türkiyə Cümhuriyyəti Marşından daha öncə olduğunu söyləyəlim. Marşın sözləri Türkiyədə də tanınan Əhməd Cavada aiddir... Fəqət Azərbaycanın Milli Marşı ancaq 1922-yə qədər söylənə bilmişdir... 1989-cu ildən sonra ilk Marşa qayıdılır. Dolayısıyla Azərbaycan Milli Marşı, təəssüf ki, sürəkli olmamışdır. (Bax: 100 ölkə, 100 Marş - İstiqlal Marşı. Redaktorlar Prof.Dr.Birol Emil, Prof.Dr.Zəki Taştan, İstanbul, 2021, səh.39).
Şahin Fazil
tarix elmləri doktoru,
professor