Azərbaycan regionda enerji keçidinin nümunəsinə çevrilə bilər - Masdar

Azərbaycan regional enerji bağlantısının təmin edilməsində mühüm rol oynaya, eyni zamanda həm "dayaq nöqtəsi", həm "körpü", həm də enerji keçidinin uğurlu nümunəsi kimi çıxış edə bilər.

Olaylar xəbər verir ki, bunu "Masdar" şirkətinin Biznesin və Layihələrin İnkişafı üzrə direktoru Abdullah Zaid Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

"Azərbaycan regionda və onun hüdudlarından kənarda enerji bağlantısının təmin edilməsində dayaq rolunu oynaya bilər. Ölkə iri həcmli bərpa olunan enerji layihələrinin inkişafı və qarşılıqlı əlaqə sxemləri çərçivəsində enerji ixracının həyata keçirilməsi üçün mərkəz kimi çıxış edə bilər", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan torpaq ehtiyatlarının mövcudluğu, günəş və külək enerjisi istehsalı üçün əlverişli təbii şərait, eləcə də xarici investor və developerləri cəlb etməyə imkan verən sabit tənzimləyici baza sayəsində bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.

O əlavə edib ki, "Masdar" yerli tərəfdaşlarla, o cümlədən "SOCAR Green" ilə birlikdə Azərbaycanda ümumi gücü 1 GVt-dan artıq olan layihələr həyata keçirir. Bu layihələr istismardan tutmuş aktiv inkişaf mərhələsinədək müxtəlif mərhələlərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31