“Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edildi (FOTO)
18:43 İqtisadiyyat"Bakı Enerji Həftəsi" çərçivəsində energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Filip Mşelbila və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Francesco La Camera ilə görüşlər keçirib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
GECF-in Baş katibi Filip Mşelbila ilə keçirilən görüşdə qlobal qaz sektorunda müşahidə olunan tendensiyalar, elektrik enerjisinə tələbatın artması fonunda təbii qazın güclənən rolu barədə müzakirələr aparılıb.
Xüsusilə enerji sabitliyi və enerji keçidi aspektində qazın əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycanla Qaz İxrac Edən Ölkələr Forumu arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin Forumun növbəti Sammitində iştirak məsələlərinə də toxunulub.
Baş direktor Francesco La Camera ilə görüşdə isə Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə bərpa olunan enerji sahəsində birgə təşəbbüslərin genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu tərəfdaşlığın enerji keçidi və yaşıl enerji gündəliyinin reallaşmasında mühüm rol oynadığı qeyd edilib.
Görüş zamanı "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib. Francesco La Camera Mərkəzi Asiya və region ölkələri üzrə layihə təşəbbüslərinin genişləndirilməsi məqsədilə layihələrin birgə qiymətləndirilməsi və beynəlxalq maliyyə institutları ilə koordinasiyanın gücləndirilməsinə hazır olduğunu bildirib. Görüşdə, həmçinin bərpa olunan enerji üzrə regional inteqrasiya, elektrik şəbəkələrinin inkişafı, enerji saxlama sistemləri və interkonnektorların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

