Azərbaycan-ABŞ dialoqu münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub - Mikayıl Cabbarov
18:37 İqtisadiyyatAzərbaycan-ABŞ arasında keçirilən ilk iqtisadi dialoq Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.
Olaylar xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində KİV nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
"Bu dialoq bizim üçün Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım oldu. Biz sıfırdan başlamırıq. Enerji sahəsində çox uğurlu əməkdaşlıq nümunəmiz var və bu əməkdaşlıq bu gün təkcə Azərbaycanın iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də daha geniş regionun enerji təhlükəsizliyinin təmin olunmasına və inkişafına töhfə verir", - deyə o bildirib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası dörd istiqaməti əhatə edir.
"Bugünkü birgə işimiz məhz bu dörd istiqamət ətrafında qurulub. Bunlara regional qarşılıqlı əlaqə, ticarət, investisiyalar və iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq, eləcə də, təbii ki, süni intellekt və rəqəmsal infrastruktur daxildir", - deyə nazir vurğulayıb.