Türkiyə sabitləşdirmə səylərini və iki dövlətli həlli dəstəkləməyə hazırdır - Hakan Fidan
20:47 DünyaTürkiyə beynəlxalq sabitləşdirmə səylərinə töhfə verməyə hazırdır və iki dövlət prinsipinə əsaslanan ədalətli və davamlı bir sülhün əldə edilməsini dəstəkləməyə davam edəcək.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
Fidan qeyd edib ki, kollektiv diplomatik səylərə baxmayaraq, humanitar vəziyyət kövrək olaraq qalır və atəşkəs pozuntuları davam edir.
"Humanitar vəziyyət kövrək olaraq qalır və atəşkəs pozuntuları davam edir. Buna görə də, təcili, əlaqələndirilmiş və effektiv cavab tədbirləri görülməlidir", - o bildirib.
O, Türkiyənin bölgədə təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərinə sadiq olduğunu vurğulayıb.
"Prezident Ərdoğan Qəzzanın təhlükəsizliyinin, sabitliyinin və yenidən qurulmasının təmin edilməsinə tam sadiqdir. Türkiyə artıq əhəmiyyətli humanitar yardım göstərir", - Fidan bildirib.
Onun sözlərinə görə, Ankara dəstəyini genişləndirməyə hazırdır.
"Biz həmçinin səhiyyə və təhsilin bərpasına, eləcə də polis qüvvələrinin təliminə əhəmiyyətli töhfə verə bilərik. Bundan əlavə, beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşun göndərməyə hazırıq", - o qeyd edib.
Fidan Türkiyənin davamlı sülh razılaşmasına nail olmaq üçün diplomatik səylərə dəstəyini bir daha təsdiqləyib.
"Türkiyə ədalətli və davamlı sülhə nail olmaq üçün səylərinizi dəstəkləməyə davam edəcək. Əminik ki, belə bir sülhün təməli iki dövlətli həlldir. Gəlin bölgədəki bütün xalqların rifahı naminə bu məqsədə doğru çalışaq", - o vurğulayıb.