Xətai Tibb Mərkəzində yeni şöbə fəaliyyətə başlayıb

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb.

Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev şöbənin açılışında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni şöbə müasir tibbi texnologiyalar tələb edən mürəkkəb oftalmoloji və cərrahi xidmətlər göstərəcək.

"Bu şöbənin fəaliyyətə başlaması əhalinin həmin xidmətlərə əlçatanlığının təmin olunması, keyfiyyətli və müasir tibbi xidmətlərin çeşidinin artırılması istiqamətində atılmış vacib addımdır", - deyə B.Rzayev qeyd edib.

B.Rzayev yerli və beynəlxalq təcrübəyə malik, müasir tibbi avadanlıq və texnologiyalarla işləməyi bacaran mütəxəssislərin tibb müəssisələrinə cəlb edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

O, yeni şöbəyə oftalmoloq-cərrah Cahit Şahbazovun rəhbərlik edəcəyini bildirib və onun təcrübəsinin pasiyentlərə keyfiyyətli, effektiv və təhlükəsiz xidmət göstərilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

TƏBİB rəsmisi ilin sonunadək digər layihələrin də açılışının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

"Yeniliklər davamlı xarakter daşıyır. İlin sonunadək bir çox layihələrimiz var. Həmin layihələr üzrə açılışlar nəzərdə tutulur, xidmət çeşidləri artırılacaq və bu barədə ictimaiyyət məlumatlandırılacaq", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31