Ukraynaya NATO əvəzinə iqtisadi dividend: Vaşinqton kompromis axtarışında – ÖZƏL
14:04 SiyasətABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun "X" hesabında verdiyi məlumata görə, amerikalı danışıqçılar bu həftə Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Aİ və NATO nümayəndələri ilə görüşəcəklər. Məsləhətləşmələrdə Kiyevə yardım, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizlik arxitekturası və Ukraynanın bərpası üçün iqtisadi imkanlar müzakirə olunacaq. Həmçinin, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukraynanın 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək görüşündə Vaşinqtonu Stiv Vitkoff və Cared Kuşner təmsil edəcək.
Avropa ABŞ-nin təklif etdiyi təhlükəsizlik modelini qəbul edəcəkmi? Əbu-Dabi məsləhətləşmələrində Rusiya və Ukraynanın kompromisə gəlmək ehtimalı nə qədər yüksəkdir?
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a danışıb. Ekspertin fikrincə, Avropa Birliyi və ABŞ tərəfindən belə bir model təklif oluna bilər: Ukrayna NATO-ya daxil olmayacaq, sadəcə müşahidəçi qismində və ya başqa bir statusda bu qurumda iştirak edə bilər. Ukraynanın birbaşa NATO-ya üzv olması məsələsi, yəqin ki, Rusiya tərəfindən qəbul edilmədiyi üçün və müharibənin də məhz bu məsələ ətrafında başladığını nəzərə alaraq, ABŞ Rusiya ilə müəyyən razılaşmaya gedəcək və Ukraynanın NATO-ya qəbul edilməsi məsələsi gündəmdən çıxarılacaq. Çünki Rusiya müharibənin ilk günündən etibarən NATO-nun öz sərhədləri yaxınlığında mövcudluğunu heç vaxt qəbul etmədiyini bəyan edib. Postmüharibə dövründə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına gəlincə, bu məsələnin özü də müəyyən qədər sual altındadır. Çünki bu müharibədə gördük ki, Ukraynanı nə Avropa, nə də Amerika tam şəkildə qoruya bildi. Ukrayna öz torpaqlarında, belə demək mümkündürsə, ABŞ-Rusiya və Avropa-Rusiya qarşıdurmasının tam mərkəzində qaldı və bu müharibəni öz ərazisində aparmağa məcbur oldu. Bu proses bu gün də davam edir. Əslində, bu gün Avropa Birliyinin ən güclü hərbi qüvvələrindən biri Ukraynadadır. Hərbi güc və döyüş təcrübəsi baxımından Ukrayna ordusu bir çox Avropa ölkəsinin ordusundan daha güclüdür. Müharibə nəticəsində Ukrayna ordusu o qədər təcrübə qazanıb və hərbi baxımdan inkişaf edib ki, bu gün bütün Avropa ölkələri birlikdə belə həmin təcrübəyə və gücə malik deyil. Biz bunu açıq şəkildə görürük. Yenə də qeyd etdiyim kimi, Ukraynanın təhlükəsizliyi ilə bağlı müəyyən mexanizmlər nəzərdə tutula bilər. Bu məsələdə müxtəlif təkliflər və razılaşmaların gündəmə gələcəyini düşünürəm. Burada maddi yardımlardan, iqtisadi dəstəkdən söhbət gedə bilər. Ukraynanın Avropa Birliyinə üzvlük məsələsi də müzakirə oluna bilər. Hətta bu proses uzunmüddətli perspektivə saxlanılsa belə, onun müzakirəsi davam etdirilə bilər. Ukraynaya müəyyən dividendlər verilə, Avropa bu ölkənin üzünə qapılarını daha geniş aça bilər. İqtisadi baxımdan dəstək göstərilməsi də mümkün variantlardandır. Təbii ki, Ukrayna bu məsələlərdə müəyyən dividendlər əldə edə bilər. Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Ukraynanın dirçəlməsinə dəstək göstəriləcək. Bu məqsədlə investisiyalar yatırılması, kreditlərin ayrılması mümkündür. Bütün bunlar, təbii ki, Avropa və ABŞ tərəfindən həyata keçirilə bilər. Ancaq mənə elə gəlir ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi böyük sual altında qalacaq. Çünki Ukraynanın NATO-ya üzvlüyü qəbul olunarsa, Rusiya bu müharibəni dayandırmayacaq. ABŞ də bunu çox yaxşı bilir. Ona görə də bu istiqamətdə müəyyən siyasi və iqtisadi qərarların qəbul edilməsi zərurəti yaranacaq.
"Əbu-Dabidə keçirilən görüşlərə gəlincə, tərəflərin mütləq şəkildə müəyyən kompromislərə getməsi məsələsi gündəmdə olacaq. Bu prosesdə Avropa tərəfindən Ukraynaya müəyyən güzəştlər təklif edilə bilər. Eyni zamanda, Ukraynanın da hansı kompromisləri qəbul etməli olduğu müzakirə olunacaq. Əks halda, müharibə getdikcə uzanacaq və hər iki tərəfin iqtisadi və siyasi vəziyyəti daha da gərginləşəcək. Ona görə də Ukraynanın NATO-ya qəbul edilməməsi, bunun əvəzində isə müəyyən dividendlər əldə etməsi variantı gündəmə gələcək və Ukrayna da bu məsələyə həmin prizmadan yanaşmağa başlayacaq", - deyə siyasi şərhçi əlavə edib.
Səidə Ramazanova