NATO və Aİ-də daxili çəkişmələr artır, milli maraqlar ön plana çıxır- ÖZƏL

Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşanın XİN rəhbəri Radoslav Sıkorskinin Rusiyaya qarşı mövqeyini kəskin tənqid edib. Siyarto bildirib ki, Sıkorski Avropa ilə Rusiya arasında müharibə ssenarisini təşviq edir və Budapeşt belə bir qarşıdurmaya cəlb olunmaq istəmir. Buna cavab olaraq Sıkorski deyib ki, Rusiya yeni təcavüzə başlamasa, müharibə olmayacaq, lakin Macarıstanın mümkün müharibədə Putinin tərəfində dayanacağını iddia edib. 
Polşa və Macarıstan arasında bu cür açıq ritorika NATO-nun daxili birliyinə və kollektiv təhlükəsizlik mexanizmlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" İki nazir arasında baş verən fikir qarşıdurması yalnız NATO-da deyil, hətta Avropa İttifaqı daxilində də ciddi fikir ayrılıqlarının artıq kəskinləşdiyini göstərir və bu, ittifaqlar daxilindəki ziddiyyətlərin artmağa doğru yön aldığını deməyə əsas verir. Rusiyanın Ukraynada üstünlük qazanması və Donald Trampın gəlişindən sonra ABŞ-ın Avropanın təhlükəsizliyindəki qarant rolunun azalması, həmçinin Avropanın müdafiə arxitekturasının nə qədər zəiflədiyini göstərir. Bu da qitə daxilindəki xarici siyasət meyillərini fərqli ölkələr arasında uzaqlaşdırıb.
Qərb Avropası, eləcə də Polşa və digər bəzi Şərqi Avropa ölkələri Qərblə eyni düşünsə də, Macarıstan, Slovakiya və Yunanistan son zamanlarda yaşananlardan sonra Avropanın təhlükəsizliyi məsələsinə fərqli yanaşmağa başlayıblar.
Bir tərəf iddia edir ki, Rusiya bizim açıq düşmənimizdir və onunla hər zaman açıq müharibə ehtimalı qoruyub saxlamalı, həm müdafiə, həm siyasətimizi buna uyğun təşvik etməliyik. Digər tərəf isə Rusiya ilə əməkdaşlıqdan yana siyasət xəttini daha məqbul sayır. Hər halda, bugün Avropa daxilində istər Avropa İttifaqı olsun, istər NATO şəklində ittifaqlar daxilində çəkişmələrin və fikir ayrılıqlarının kəskinləşdiyini görürük. Əgər bu fikir ayrılıqları qısa zamanda həll olunmazsa və ortaq məxrəzə gəlmək mümkün olmazsa, yaxın gələcəkdə həm NATO-nun, həm də Avropa İttifaqının parçalanmasından danışmaq lazım gələcək.
Parçalanmasa belə, faktiki olaraq onların işləmə mexanizması daha da zəifləyəcək və varlığı formal xarakter alacaq. Məsələn, Avropa İttifaqının iqtisadi sahədə ciddi struktur olaraq işləmə mexanizması qalsa da, siyasi olaraq artıq ağırlığı getdikcə azalır. NATO isə bir zamanlar dünyada əsas hərbi mərkəz kimi qəbul edilirdisə, bugün artıq onun daxilindəki fikir ayrılıqlarından danışılır.
Əgər bu problemlərin həlli tez tapılmasa, NATO formal bir təşkilata çevriləcək və hətta hər hansı NATO üzvünə hücum olarsa, bəzi dövlətlər 4-5-ci maddələrə əsaslanaraq dəstək verəcək, bəziləri isə "bu mənim müharibəm deyil" deyib dəstək verməyəcək. Burada milli maraqlar ön plana çıxacaq.
Macarıstanın Rusiya ilə bağlı mövqeyi gələcəkdə tək qalmayacaq. Məsələn, Türkiyə, Slovakiya və digər bəzi dövlətlər ABŞ-ın tam dəstəyini itirdiyi reallığı gördükdə, anti-Rusiya mövqelərində sona qədər cəsarətli davranacaqlarını düşünmək çətindir. Gözləmək olar ki, Şərqi Avropa və mərkəzi Avropa dövlətləri, eləcə də Balkanlarda yerləşən ölkələr müəyyən qədər retorikalarını dəyişərək Macarıstanın siyasi xəttinə yaxınlaşacaqlar. Əsas strateji səhv Qərbi Avropa dövlətlərinin və Tramp administrasiyasının addımları nəticəsində ABŞ-ın üzərinə düşür. Onların cəsarətsiz mövqeləri və real təhlükəyə qarşı diplomatik, iqtisadi manevrləri ABŞ-ın dünya siyasətində üstünlüyünü itirməsinə səbəb olur. Qərbin dominantlığını qəbul etmiş ikinci və üçüncü dərəcəli dövlətlər artıq bu dominantlıqdan boyun əyir və Çin və Rusiya kimi dövlətləri dünya siyasətinin önəmli aktorları kimi görürlər..Ona görə də Qərb bu problemlərə vaxtında müdaxilə etməli, həll yollarını tapmalıdır. ABŞ və Qərbi Avropa özlərini qoruyub saxlamalıdır ki, NATO və Avropa İttifaqı səviyyəsində də ağırlıqlarını qoruyub saxlaya bilsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31