Mask günəş enerjisindən istifadə etməyi təklif etdi- ÖZƏL

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask Yer üzündə kiçik termonüvə reaktorlarının yaradılmasını mənasız adlandıraraq, Günəş enerjisindən istifadənin daha rasional olduğunu bildirib. Olaylar.az xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Günəş artıq göydə mövcud olan nəhəng və pulsuz termonüvə reaktorudur. "Göydə nəhəng pulsuz termonüvə reaktoru - Günəş olduğu halda, Yer üzündə kiçik termonüvə reaktorları yaratmaq axmaqlığın zirvəsidir", - deyə o yazıb. Mask əlavə edib ki, hətta dörd Yupiter planetini "yandırmaq" mümkün olsa belə, Günəşin istehsal etdiyi enerji Günəş sistemində indiyə qədər və gələcəkdə əldə ediləcək ümumi enerjinin demək olar ki, 100 faizini təşkil edəcək. O, şəxsi elmi maraqlar istisna olmaqla, bu cür "xırda reaktorlar"a vəsait xərcləməyə son qoymağa çağırıb.
Qeyd edək ki, İlon Mask Günəş enerjisinin əhəmiyyəti barədə ilk dəfə danışmır. O, 2023-cü ildə amerikalı komediyaçı və aparıcı Co Roqanla podkast zamanı bildirib ki, Günəş enerjisi ABŞ-ın bütün enerji tələbatını tam şəkildə ödəyə bilər. Maskın sözlərinə görə, bunu həyata keçirmək çətin deyil, çünki Günəş hər saniyə öz kütləsinin dörd milyon tonundan çoxunu enerjiyə çevirir və bu proses insan müdaxiləsi tələb etmir.
Onun hesablamalarına əsasən, ABŞ-ın enerji təminatı üçün təxminən 100x100 mil (təqribən 160 kilometr) sahədə günəş panellərinin quraşdırılması kifayət edər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31