Qazaxıstan KTK-ya hücumları qəbuledilməz sayır – ÖZƏL
15 Dekabr 12:07 DünyaQazaxıstanın energetika naziri Erlan Akkenjenov ölkənin neftinin böyük hissəsini ixrac edən Xəzər Boru Kəməri Konsorsiumuna (KTK) edilən hücumları qəbuledilməz adlandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Energetika Nazirliyi mülki və kritik əhəmiyyətli infrastruktur obyektlərinə zərbələri qınayan rəsmi mövqeyini artıq ifadə edib. Onun sözlərinə görə, KTK ölkədə hasil olunan neftin təxminən 80 faizinin nəqlini təmin edir və bu infrastruktura hər hansı zərər ciddi təhlükə yaradır.
Aktenjenov vurğulayıb ki, konsorsium beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir və onun səhmdarları arasında Qazaxıstan, ABŞ və Avropa şirkətləri yer alır, Rusiya tərəfinin payı isə cüzidir.
Nazir xatırladıb ki, Qazaxıstanın rəsmi mövqeyi Xarici İşlər Nazirliyi tərəfindən də açıqlanıb və mülki, kritik infrastruktura qarşı bu cür hücumlar qətiyyətlə pislənir. Maddi zərərin qiymətləndirilməsinin isə Milli İqtisadiyyat Nazirliyi tərəfindən aparıldığını qeyd edib.
Eyni zamanda, Akkenjenov Energetika Nazirliyinin siyasi bəyanatlar vermədiyini, qurumun yalnız enerji siyasətinin icrası ilə məşğul olduğunu vurğulayıb.