Trampın Aİ-ni tənqid etməsi Avropa Komissiyasında fikir ayrılığı yaradıb- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı sərt açıqlamaları Avropada şok effekti yaradıb, Avropa Komissiyası daxilində isə ciddi fikir ayrılığına səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp ötən həftə Politico nəşrinə verdiyi müsahibədə Avropa ölkələrinin "fəlakətli miqrasiya siyasəti" səbəbindən yaxın gələcəkdə "yaşamaq qabiliyyətini itirəcəyini" bildirib. O, həmçinin Avropanın "çürüdüyünü", Ukrayna müharibəsi ilə bağlı çox danışsa da, münaqişənin həlli üçün "real addımlar atmadığını" deyib.
Financial Times-ın yazdığına görə, bir sıra Aİ rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Trampın açıqlamalarına cavab verməməyə çağırıb. Məqsəd ABŞ-la münasibətləri daha da gərginləşdirməmək və Vaşinqtonun Ukrayna üzrə danışıqlar prosesində iştirakını qorumaq olub.
Bununla yanaşı, digər yüksəkvəzifəli Aİ rəsmiləri Trampın tənqidlərinə cavab verilməməsindən narazı qalıblar. Nəşr qeyd edir ki, Brüsselin zəif reaksiyası bəzi Avropa liderlərini Avropa Komissiyasını kənarda qoyaraq Tramp ilə birbaşa dialoq qurmaq ideyasına sövq edib.
Mənbələr bildirir ki, Ukrayna məsələsi də Aİ-nin mövqeyinə təsir göstərir. Belə ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rütte Ursula fon der Leyendən Trampın açıqlamalarına cavab olaraq onu açıq şəkildə tənqid etməməsini xahiş ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31