ABŞ kəşfiyyatının 60 il öncəki uğursuz əməliyyatı: Himalayda tapılmayan generator

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 1965-ci ildə Himalay dağlarında - Nanda-Devi zirvəsində (7816 m) Çin üzərində kəşfiyyat aparmaq məqsədilə qurmaq istədiyi avadanlıqla birlikdə plutoniumla işləyən generatoru itirib.

Olaylar.az xəbər verir ki, hadisədən onilliklər keçməsinə baxmayaraq, radioaktiv generatorun taleyi bu günədək naməlum olaraq qalır.

Məlumata görə, bu plan Çinin 1964-cü ildə ilk atom bombasını sınaqdan keçirməsindən sonra hazırlanıb. ABŞ hökuməti Çin raket sınaqlarını izləmək üçün dağın zirvəsinə radioəlaqə avadanlığı yerləşdirməyi nəzərdə tutub. Missiyaya MKİ tərəfindən seçilmiş amerikalı və hindistanlı peşəkar alpinistlər cəlb olunub. Ekspedisiyaya isə məşhur National Geographic fotoqrafı və alpinist Barri Bişop rəhbərlik edib.

Komanda zirvəyə çox yaxınlaşsa da, bölgədə başlayan şiddətli fırtına planları alt-üst edib. Alpinistlər həyatlarını xilas etmək üçün antenna, kabellər və plutonium-238 ilə işləyən portativ generatoru dağda qoyaraq geri çəkiliblər. Beləliklə, əməliyyat uğursuzluqla nəticələnib.

1966-cı ildə MKİ üzvləri yenidən Nanda-Devi zirvəsinə qayıtsa da, generator artıq yerində olmayıb. Onun haraya yoxa çıxması indiyədək açıqlanmayıb. ABŞ və Hindistan hakimiyyətləri uzun müddət hadisəni gizli saxlayıb. Səbəb isə Qanq çayının sularının radioaktiv çirklənməsi riski olub.

Yalnız 1978-ci ildə sənədlər məxfilikdən çıxarılıb. Bu ilin noyabrında isə ABŞ-ın Montana ştatının Bozmen şəhərində, bir qarajda Barri Bişopa aid arxivlərin tapılması mövzuya marağı yenidən artırıb. Lakin tapıntı radioaktiv generatorun yerini müəyyən etməyə imkan verməyib.

Beləliklə, Himalayların qoynunda itən plutonium generatoru hələ də XX əsrin ən təhlükəli və müəmmalı kəşfiyyat sirrlərindən biri olaraq qalır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31