Çin Braziliya qızıl mədənlərini alaraq qlobal qızıl bazarında liderliyə can atır- ÖZƏL
15 Dekabr 09:51 DünyaÇin qlobal qızıl bazarına nəzarəti gücləndirmək istiqamətində mühüm addım atıb. Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Çinin iri mədən şirkətlərindən biri olan CMOC Group Braziliyadakı qızıl mədənlərini əldə etmək üçün 1 milyard ABŞ dolları həcmində razılaşma imzalayıb. Belə ki, CMOC Group Kanadada qeydiyyatdan keçmiş Equinox Gold Corp şirkətinin Braziliyadakı biznesini satın aldığını elan edib. Sövdələşmə Equinox-un tərkibinə daxil olan Leagold LatAm Holdings BV və Luna Gold Corp şirkətlərini əhatə edir. Bu qurumlar Braziliyada bir neçə iri qızıl yatağına nəzarət edir. Müqavilənin şərtlərinə əsasən, Equinox sövdələşmə başa çatdıqdan dərhal sonra 900 milyon dollar nağd vəsait, bir il sonra isə əlavə olaraq 115 milyon dollar şərti ödəniş alacaq.
CMOC-un açıqlamasında bildirilir ki, bu alışdan sonra konsernin illik qızıl hasilatı 8 tona çatacaq. Qeyd edək ki, şirkətin əsas fəaliyyət sahəsi mis və kobalt olsa da, son dövrlər CMOC-un qiymətli metallar sektorunda aktiv şəkildə genişləndiyi müşahidə olunur.