Belçika Avropadan Rusiya ilə müqavilələri dayandırmağı tələb edir - ÖZƏL

Belçika Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə razılıq vermək üçün Avropa İttifaqı ölkələrindən Rusiyayla olan bütün investisiya sazişlərini pozmağı tələb edir.

Olaylar xəbər verir ki, bu barədə Avropa səfirləri arasında müzakirə olunan sənədlərə istinad edən "Euractiv" portalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Belçika Ukraynaya təklif olunan kreditin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməklə verilməsi qarşılığında Avropa İttifaqı ölkələrindən "müstəqil" və "avtonom" zəmanətlər tələb edir.

Xüsusilə, söhbət Rusiyanın Belçikaya qarşı qaldıra biləcəyi məhkəmə iddiaları ilə bağlı bütün məhkəmə xərclərinin qarşılanmasından gedir.

Bundan başqa, Belçikanın əsas tələbləri sırasında Avropa İttifaqı ölkələrinin Rusiyayla yeni investisiya müqavilələri bağlamaması və mövcud müqavilələrin ləğv edilməsi də var.

Əvvəlcə "Financial Times" qəzeti yazmışdı ki, Avropa Komissiyası iqtisadi böhranlarla mübarizə çərçivəsində fövqəladə səlahiyyətlərdən istifadə edərək, Avropa İttifaqı ölkələrinin əksəriyyətinin səsverməsi ilə 210 milyard avro dəyərində Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması haqqında qanun qəbul edilməsini təklif edib. Bu, Macarıstanın veto qoyma ehtimalını aradan qaldırmaq məqsədi daşıyır.

Macarıstanın baş naziri Viktor Orban isə bildirib ki, Avropa İttifaqı Şurasının Rusiyanın aktivlərinin Avropada müddətsiz dondurulması qərarı Avropa İttifaqına geri dönməz zərbə vuracaq.

Rusiya Mərkəzi Bankı isə vurğulayıb ki, Avropa Komissiyasının rus aktivlərinin müsadirəsi barədə sənədi beynəlxalq hüquqa ziddir və Moskva Arbitraj Məhkəməsində Euroclear-ə qarşı iddia qaldırıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31