175 milyard yox, 1,1 trilyon: Trampın layihəsinin real qiyməti açıqlanıb

ABŞ-ın "Qızıl Günbəz" adlı raket əleyhinə müdafiə (RƏM) sisteminin yaradılması prezident Donald Trampın vəd etdiyi kimi175 milyard dollara deyil, təxminən 1,1 trilyon dollara başa gələ bilər.

Olaylar.az xəbər verir ki, hərbi ekspertlər həm "Qızıl Günbəz" sisteminin 2029-cu ilə qədər istismara verilməsi planını, həm də xərclərin 175 milyard dollarla məhdudlaşacağı iddiasını reallıqdan uzaq adlandırıblar.

Məsələn, Bloomberg-in hesablamalarına görə, faktiki xərclər Trampın açıqladığı məbləğdən 500 faizdən çox arta bilər.

Agentlik vurğulayır ki, hesablamalar yalnız silahların və müdafiə sistemlərinin qiymətləri əsasında aparılıb. Əməliyyat xərcləri, elmi-tədqiqat işləri, texniki inkişaf və personalın əməkhaqqı bu məbləğə daxil edilməyib. Bu amillər yekun dəyəri daha da artıra bilər. Bloomberg həmçinin qeyd edir ki, sistem istismara verilsə belə, onun tam effektivliyinə dair heç bir zəmanət yoxdur.

Qeyd edək ki, 28 yanvar tarixində ABŞ prezidenti Donald Tramp "Qızıl Günbəz" RƏM sisteminin yaradılması ilə bağlı sərəncam imzalayıb. Media məlumatlarına görə, bu sistem kosmosda yerləşdirilən, lazer silahları ilə təchiz olunmuş ələkeçirmə vasitələrini nəzərdə tutur və nüvə silahlarının məhv edilməsi məqsədi daşıyır.

20 mayda Tramp bildirib ki, ABŞ hakimiyyəti "Qızıl Günbəz"in arxitekturası ilə bağlı qərar qəbul edib və layihəyə təxminən 175 milyard dollar ayrılması planlaşdırılır. Onun sözlərinə görə, sistemin yaradılması üç ildən bir qədər az vaxt aparacaq. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31