Tramp Rusiya-Ukrayna danışıqları haqda: "Görüş naminə görüşlərdən bezmişəm"

Ağ Evin mətbuat katibi Kerolayn Livitt prezident Donald Trampın artıq danışmaq istəmədiyini və Ukraynadakı müharibəyə son qoymaq üçün hərəkət tələb etdiyini bildirib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, K.Livittin sözlərinə görə, Tramp münaqişədəki hər iki tərəfin mövqeyindən dərin narazılığını bildirir və müzakirələrin vaxtının keçdiyinə inanır. Livitt Trampın döyüşlərə son qoya biləcək konkret addımlarda israr etdiyini vurğulayıb.

Oval ofisdə jurnalistlərlə söhbət zamanı Tramp yenidən təklif etdiyi sülh planından bəhs edib. O, tərəflərin razılığa yaxın olduğuna inandığını qeyd edib.

"Düşünürdüm ki, Rusiya ilə razılığa çox yaxınıq. Düşünürdüm ki, Ukrayna ilə razılığa çox yaxınıq - əslində, prezident Zelenski istisna olmaqla, onun xalqı razılaşma konsepsiyasını bəyənib", - deyə o bildirib.

Tramp təklif olunan həllin ərazi bölgüsü ilə bağlı bir neçə məqamı əhatə etdiyini deyib və bunu "çox mürəkkəb daşınmaz əmlak razılaşması" ilə müqayisə edib. O, bu planın həyata keçirilməsinin minlərlə insanın həyatını xilas edə biləcəyini bildirib.

Ukrayna və Avropa nümayəndələrinin 13 dekabrda keçiriləcək görüşündə ABŞ-nin mümkün iştirakı ilə bağlı suala Livitt birbaşa cavab verməyib. Bununla belə, Tramp qeyd edib ki, Amerika tərəfi sülh sazişinin irəliləməsi üçün real perspektivlər görərsə, Avropadakı danışıqlarda iştirak edə bilər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31