Kallas bildirib ki, Moqerini ilə bağlı korrupsiya qalmaqalı Aİ diplomatik xidmətini sarsıdıb- ÖZƏL
13:53 DünyaAvropa İttifaqının diplomatik xidməti (EEAS) keçmiş rəhbəri Federika Moqerini ilə bağlı korrupsiya qalmaqalı ilə sarsılıb. Olaylar.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının hazırkı rəhbəri Kaya Kallas əməkdaşlarla görüşündə bildirib. Avropa məhkəmələri əvvəllər Moqerini və Avropa Diplomatik Xidmətinin keçmiş baş katibi Stefano Sanninoya qarşı fırıldaqçılıq və korrupsiya ittihamları üzrə istintaq açıb.
2 dekabrda Avropa Komissiyası və Avropa Prokurorluğu Brüsseldəki EEAS rezidensiyası, Brugge-dəki Avropa Kolleci və bir neçə şəxsi evdə axtarışlar aparıb, nəticədə üç nəfər saxlanılıb. Onlar arasında Moqerini və Sannino da var. Saxlanılanlar əsasən tender fırıldaqları, gənc Avropa diplomatlarının təlim proqramı ilə bağlı maliyyə pozuntuları və maraqların toqquşması ittiham olunurlar.
İtalyan KİV-lərinin məlumatına görə, saxlanılanlar ədalətdən qaçmaq riski olmadığı üçün buraxılıb, lakin Belçika kriminal polisi tərəfindən dindirildikdən sonra hər üç şəxs rəsmi olaraq ittihamlarla üzləşib. İttihamlar arasında fırıldaqçılıq, korrupsiya, maraqların toqquşması və peşə sirrinin açıqlanması halları var. Kallas bildirib ki, bu qalmaqallar Aİ diplomatik xidmətini "gözlənilməz şəkildə sarsıdıb". Görüşdə yalnız üç sual cavablandırılıb, sonra Kallas başqa iclasa yollanıb.