Kiyev Donbasda cəbhə xətti boyunca bufer zonanın yaradılmasına razılıq verib- ÖZƏL

Ukrayna hakimiyyəti Donbasda mövcud cəbhə xətti boyunca demilitarizasiya olunmuş bufer zonanın yaradılması ideyasını dəstəkləyib. Olaylar.az xəbər verir ki, bu barədə Le Monde qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bu təklif London, Paris və Berlinin dəstəyi ilə Kiev tərəfindən hazırlanmış 20 bəndlik yeni sülh planında yer alıb və artıq ABŞ tərəfinə təqdim edilib. Plana əsasən, bufer zonanın yaradılması üçün tərəflər öz qüvvələrini hazırkı təmas xətti boyunca qarşılıqlı şəkildə geri çəkməlidir.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Le Monde qəzetinə açıqlamasında bildirib ki, demilitarizasiya zonası xəttin hər iki tərəfində tətbiq olunmalıdır. Onun sözlərinə görə, hansı növ silahların bölgədən çıxarılacağı, bütün silah sistemlərinin, yoxsa yalnız ağır texnikanın  hüquqi və məntiqi baxımdan müəyyənləşdirilməlidir. Podolyak həmçinin etiraf edib ki, söhbət gedən ərazilərin bir hissəsi Rusiya nəzarəti altında qalacaq.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl bildirmişdi ki, Moskva 2022-ci ildə Ukraynaya Donbasdan qoşunlarını çıxarmağı və münaqişəyə son qoymağı təklif edib. Onun sözlərinə görə, Rusiya qüvvələrinin Kiyev ətrafından çəkilməsindən sonra Ukraynanın mövqeyi dəyişib və döyüşləri davam etdirmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31