ABŞ İranı bombalamağa hazırlaşır- SENSASİYA
11:49 DünyaABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır.
Olaylar.az xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Prezidentin sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək: "Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var".
Deputat Elşad Musayev Musavat.com-a şərhində bildirib ki, Trampın bu bəyanatı İrana qarşı hərbi zərbələr endirməyə ola biləcək hazırlıq və siyasi mesaj kimi qiymətləndirilə bilər, lakin bu, hələ də rəsmi olaraq yaxın gələcəkdə mütləq hərbi əməliyyat planı anlamına gəlmir:
"Tramp bildirib ki, əgər İran Vaşinqtonla razılığa gəlməyəcək və nüvə proqramını davam etdirəcəksə, ABŞ bu proqramı və İranın raketlərini məhv etməyə hazırdır. Bu, ABŞ-ın diplomatik təhdid və açıq hərbi sanksiya variantlarını gündəmdə saxladığını göstərir. Bu cür bəyanatlar adətən siyasətdə müəyyən mesajlar ötürmək üçün verilir. Sonuncu bəyanat İranı danışıqlara məcbur etmək üçündür. Eyni zamanda Tramp bununla İrana qarşı sərt mövqeyindən geri çəkilmədiyini nümayiş etdirir. ABŞ rəhbərliyi tez-tez səsləndirir ki, həm diplomatiya, həm də hərbi variant mövcuddur. 2025-ci ilin yayında Tramp administrasiyası İranın bəzi nüvə obyektlərinə hava zərbələri endirmişdi ki, bu, böyük regional eskalasiyaya səbəb oldu və danışıqlar üçün müəyyən təzyiq mexanizmi yaratdı. İndi Tramp təzyiq mexanizmini davam etdirir. Bəyanat birbaşa hücum qərarı deyil, daha çox ABŞ-ın siyasətində hərbi variantı aktiv saxladığını göstərən siyasi-diplomatik mesajdır. Hərbi əməliyyatın baş verəcəyi rəsmi plan hələ açıqlanmayıb. Çox şey Tehranın özünü necə aparacağından-nüvə proqramını davam etdirib-etdirməyəcəyindən asılı olacaq. İran elan etdiyi mövqeyindən geri çəkilməyəcəyi halda ABŞ-ın raket zərbələri ilə yenidən üz-üzə qalacaq". (Musavat.com)