ABŞ miqrantlarla mübarizə üçün Pentaqon büdcəsindən 2 milyard dollar istifadə edib- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən maliyyə ilində Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən immiqrasiya ilə mübarizə məqsədilə 2 milyard dollara yaxın vəsait xərcləyib. Olaylar.az xəbər verir ki, Konqresin hər iki palatasından olan bir qrup demokratın yaydığı birgə hesabatda bildirilir ki, hazırkı maliyyə ilində bu məbləğin iki dəfədən çox artırılması planlaşdırılır. Qanunvericilər prezidentin sərt sərhəd siyasətinə üstünlük verməsini tənqid edərək qeyd edirlər ki, bu yanaşma ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və fövqəladə hallara qarşı hazırlığın artırılması kimi prioritetləri ikinci plana keçirir. Hesabata görə, Pentaqonun 2026-cı maliyyə ili üçün təqdim etdiyi büdcə layihəsində ABŞ-Meksika sərhədində miqrasiya ilə mübarizə əməliyyatlarına azı 5 milyard dollar ayrılması nəzərdə tutulur.
Demokratlar bildirirlər ki, ötən maliyyə ilində Pentaqon sərhədə qoşunların yerləşdirilməsinə 1,3 milyard dollar, immiqrantların ölkə daxilində və xaricdə yerləşdirilməsinə 420,9 milyon dollar, Los-Anceles, Portlend və Çikaqo kimi şəhərlərdə qoşunların yerləşdirilməsinə 258 milyon dollar, deportasiya reyslərinin həyata keçirilməsinə isə 40,3 milyon dollar ayırıb.
Hesabatda vurğulanır ki, Tramp administrasiyasının ABŞ Silahlı Qüvvələrini immiqrasiya məsələlərinə cəlb etməsi "bütün məqbul çərçivələri aşır", ordunun döyüş hazırlığını zəiflədir və resursların səmərəsiz xərclənməsinə gətirib çıxarır. Qanunvericilər qeyd edirlər ki, bu vəzifələr Müdafiə Nazirliyinin missiyasına uyğun deyil və hərbçilərin hazırlığı belə işlər üçün nəzərdə tutulmayıb.
Ağ Ev hesabatla bağlı açıqlamasında bildirib ki, ayrılan vəsaitin miqrasiya missiyasına yönəldilməsi digər sahələrin maliyyələşdirilməsinə təsir göstərməyəcək. Administrasiya həmçinin Pentaqonun immiqrasiya məsələlərinə cəlb olunmasında demokratları və ABŞ-ın 46-cı prezidenti Co Baydeni ittiham edib. Donald Tramp bir neçə dəfə qeyd edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ABŞ-a təxminən 25 milyon qanunsuz miqrant daxil olub. Prezident sərt immiqrasiya siyasətini davam etdirəcəyini, Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzaladığını və ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyə hazırlaşdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31