Böyük Britaniya artan təhdidlər fonunda yeni Hərbi Kəşfiyyat Xidməti yaratdı- ÖZƏL

Böyük Britaniya hökuməti artan düşmən təhdidlərinə cavab olaraq yeni Hərbi Kəşfiyyat Xidməti yaratdığını elan edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni xidmət ilk dəfə olaraq Müdafiə Nazirliyinin bütün kəşfiyyat bölmələrini - Hərbi Dəniz Qüvvələri, quru qoşunları, Hərbi Hava Qüvvələri, Kosmik Komandanlıq və Daimi Birgə Qərargahın (Permanent Joint HQ) müvafiq qurumlarını vahid struktura birləşdirəcək. Bu inteqrasiya Silahlı Qüvvələr daxilində məlumatların toplanması, təhlili və ötürülməsi prosesini xeyli sürətləndirəcək. Eyni zamanda Müdafiə Nazirliyində yeni Kontr-kəşfiyyat Bölməsi - Defence Counter-Intelligence Unit (DCIU) də formalaşdırılıb. Rəsmi məlumata görə, son bir ildə "Müdafiə Nazirliyinə qarşı düşmən kəşfiyyatının fəaliyyəti 50%-dən çox artıb".
Müdafiə naziri Con Hili bildirib ki, yeni yaradılan strukturlar ölkənin kəşfiyyat imkanlarını gücləndirəcək və Böyük Britaniyanı hərbi yeniliklər sahəsində lider mövqeyə çıxaracaq. Qurumlar 2 iyun tarixli Strateji Müdafiə Baxışının (SDR) tövsiyələrinə uyğun olaraq təsis edilib.
Nazir qeyd edib ki, hərbi kəşfiyyatın bu şəkildə yenidən qurulması müxtəlif qoşun növlərinin fəaliyyətini vahid sistem kimi əlaqələndirərək daha çevik və effektiv təhlükəsizlik mühiti yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31