Allah heç kimə belə bir şey yaşatmasın – Hakan Fidan Ukraynanın çətin seçimindən danışdı

Avropa Ukraynaya çətin seçimlər etməkdə kömək etməlidir.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, ərazi məsələsi xüsusilə mürəkkəbdir: "Avropa Ukraynaya müəyyən çətin seçimlər etməkdə kömək etməlidir... Böyük itkilərin qarşısını almaq üçün, yəni daha böyük xeyir üçün burada fəlakətin qarşısını almaq, pisliyi aradan qaldırmaq lazımdır... Buna görə də seçim edilməlidir. Bilirəm ki, bu, onlar üçün çətindir. Torpaq məsələsi xüsusilə mürəkkəbdir. Allah heç kimə belə bir şey yaşatmasın".

O əlavə edib ki, hələ də təhlükəsizlik zəmanətləri tələb olunur və bu da asan deyil. O, Türkiyənin iki tərəf arasında danışıqları asanlaşdırmağa davam etdiyini bildirdi.

Türkiyə xarici işlər naziri həmçinin qeyd etdi ki, İstanbul yenidən danışıqlara ev sahibliyi etməyə hazırdır; bu yay orada üç raund danışıqlar keçirilib.

Fidan bildirib ki, əsir mübadiləsi və digər humanitar məsələlər üzrə danışıqlarda əldə edilən irəliləyiş bugünkü danışıqların təməlini qoyub. O, həmçinin müharibənin artıq Qara dənizə yayıldığını və Avropanın digər hissələrinə də yayıla biləcəyinə dair xəbərdarlıq edib və buna görə də tərəfləri müharibəni dərhal dayandırmağa çağırıb: "Bu, həm də bugünkü danışıqların təməlini qoyub. Biz bu müsbət rolu oynamağa hazırıq. Baxın, Qara dəniz artıq müharibə zonasının bir uzantısına çevrilib. Müharibə Qara dənizə də yayılıb. Hazırda onlar Qara dənizdə ticarət gəmilərinə və tankerlərə hücum edirlər. Buna görə də, müharibə davam edərsə, başqa yerlərə, Avropanın digər hissələrinə yayılacaq. Allah eləməsin, bu, burada və indi bitməlidir". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31