ABŞ Texas limanına daxil olduqdan sonra ələ keçirilmiş tankerin heyətini azad edəcək- ÖZƏL
12 Dekabr 09:41 DünyaABŞ administrasiyası Venesuela sahilləri yaxınlığında saxlanılan neft tankerinin heyətinin, gəmi Texas ştatının Qalveston limanına yan aldıqdan sonra azad ediləcəyini planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Telekanalın iki mənbəsinin bildirdiyinə görə, artıq ABŞ nümayəndələri gəmidə heyət üzvlərini dindiriblər. Gəmi Qalvestona çatdıqdan sonra heyətin evlərinə qayıtması üçün proses sürətləndiriləcək.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-ın Venesuela sahillərində saxlanılan tankeri və onunla daşınan nefti müsadirə etməyə hazırlaşdığını açıqlamışdı.
Dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp da tankerin saxlanıldığını təsdiqləyərək, tankerə yüklənmiş neftin ABŞ tərəfindən müsadirə olunacağını bildirmişdi. Tramp həmçinin gəminin sahibinə dair məlumatların açıqlanacağını qeyd etmişdi.
ABŞ Ədliyyə Nazirliyi isə bəyan edib ki, saxlanılan tanker ABŞ-ın sanksiya rejimini pozaraq Venesuela və İrandan neft daşıyıb. Nazirliyin rəhbəri Pem Bandi gəminin "xarici terror təşkilatlarını dəstəkləmək üçün istifadə edildiyini" iddia edib. Venesuela Xarici İşlər Nazirliyi ABŞ-ın tankeri ələ keçirməsini "beynəlxalq piratlıq aktı" kimi qiymətləndirib.