Tramp ailəsində sərvət partlayışı: oğullar atasının Ağ Evə qayıdışından sonra sürətlə varlandı

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğulları atasının yenidən Ağ Evə qayıdışından sonra bir il ərzində kəskin şəkildə varlanıblar. Sərvət artımı əsasən kripto layihələri, əmlak sövdələşmələri və maliyyə-müdafiə sektoruna bağlı şirkətlərin səhmləri hesabına baş verib.

Donald Tramp-kiçik son il ərzində təxminən 50 milyon dollardan 300 milyon dollara qədər yüksəlib. Payızda onun sərvəti hətta 500 milyona yaxınlaşmışdı, lakin rəhbərlik etdiyi American Bitcoin adlı mayninq şirkətinin səhmləri sonradan ucuzlaşıb. O, həmçinin daşınmaz əmlak sahəsində və dövlət müqavilələri ilə işləyən şirkətlərin səhm bazarında ciddi gəlir əldə edib.

Erik Tramp isə ailənin ən varlı varisinə çevrilib. Onun sərvəti hazırda təxminən 400 milyon dollar dəyərində qiymətləndirilir.

Berron Tramp - ailənin ən gənc üzvü - Forbes-in məlumatına görə, artıq 150 milyon dollarlıq sərvətə sahibdir. Onun kriptovalyutalara marağı ailədə ən erkən başlayıb və atasını da bu istiqamətdə addımlar atmağa təşviq edib. Berronun sahib olduğu milyardlarla kripto-token hazırda bloklanıb. Tokenlər açılacağı təqdirdə onun qazancı 500 milyon dolları aşacağı ehtimal olunur.

Tramp ailəsinin sərvətindəki bu kəskin artım ABŞ mediasında geniş müzakirələrə yol açıb. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31