Orban: “Aİ 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşır”- ÖZƏL
14:28 DünyaMacarıstanın baş naziri Viktor Orban iddia edir ki, Avropa İttifaqı 2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlaşır və Ukraynanın sürətlə Aİ-yə qəbul etdirilməsi də bu məqsədə xidmət edir. Olaylar.az xəbər verir ki, Orban öz fikirlərini sosial şəbəkədə paylaşaraq bildirib ki, Brüssel hazırda genişmiqyaslı silahlanma proqramı həyata keçirir və bu proqramın əsas hədəfi 2030-cu ildə ittifaqın müharibəyə tam hazır vəziyyətə gətirilməsidir. Onun sözlərinə görə, elə Ukraynanın Aİ-yə sürətlə qəbulunun nəzərdə tutulduğu tarix də eyni ilə 2030-cu ildir.
Macarıstan baş naziri vurğulayıb ki, Aİ-nin qurucu müqaviləsi bir üzv dövlətə silahlı hücum olacağı təqdirdə digər üzvlərin bütün imkanları ilə ona yardım etməsini tələb edir. "Deməli, hazırda müharibə vəziyyətində olan Ukraynanın Aİ-yə qəbul edilməsi ittifaqı avtomatik şəkildə müharibəyə cəlb edəcək",- Orban qeyd edib.
O, son günlərdə bir neçə dəfə Avropa İttifaqının yaxın illərdə öz iqtisadiyyatını militarizasiya etməyə çalışdığını və bunun da Rusiyaya qarşı hazırlıq kimi qiymətləndirildiyini bildirib. Orbanın sözlərinə görə, onun hökuməti ölkəni bu ssenaridən uzaq tutmağa çalışır və lazım gələrsə, Macarıstanın müharibədən kənarda qalması üçün mümkün olan hər addımı atacaq.
Orbanın bu açıqlamaları 2026-cı ilin aprelində keçiriləcək parlament seçkiləri ərəfəsində verilir. Baş nazir seçiciləri hakim "FİDES-Macar Vətəndaş Birliyi" partiyasına səs verməyə çağırır və iddia edir ki, əgər müxalifət hakimiyyətə gələrsə, Macarıstan da bütün Aİ ilə birlikdə Rusiyayla birbaşa hərbi qarşıdurmaya sürüklənəcək.