ABŞ Dövlət Departamenti “Rusiya təsiri ilə mübarizə” şöbəsi yaratmağı planlaşdırır- ÖZƏL

ABŞ Konqresi Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun strukturunda "Rusiya təsiri ilə mübarizə" üzrə xüsusi şöbənin yaradılmasını təklif edib. Bu təşəbbüs cari maliyyə ili üçün hazırlanmış və Demokratlar ilə Respublikaçılar tərəfindən razılaşdırılmış müdafiə büdcəsi layihəsində öz əksini tapıb. Olaylar.az xəbər verir ki, sənədə əsasən, dövlət katibi sözügedən şöbəni yaratmağa məcbur ediləcək. Yeni qurumun məqsədi Rusiyanın suveren dövlətlərə təsirini və ABŞ-ın müttəfiqlərinə, yaxud tərəfdaşlarına qarşı yönəlmiş digər "zərərli hərəkətlərini" izləmək və onlara qarşı mübarizə aparmaq olacaq. Şöbə rəhbərliyi görülən işlərlə bağlı Konqresə hər rübdə hesabat təqdim edəcək. Qeyd edilir ki, bu bölmə büdcə layihəsi qüvvəyə mindikdən dörd il sonra fəaliyyətini dayandıracaq.
Layihə həmçinin dövlət katibi, müdafiə naziri və ABŞ milli kəşfiyyat direktorunun Balkan ölkələrinə qarşı həyata keçirildiyi iddia olunan Rusiya və Çin əməliyyatları barədə Konqresə mütəmadi məlumat verməsini tələb edir.
Bundan başqa, sənəddə 2022-ci ildə Prezident Co Bayden tərəfindən təsis edilmiş Arktika məsələləri üzrə xüsusi tapşırıqlar səfiri vəzifəsinin Dövlət Departamentinin strukturunda qanunvericilik səviyyəsində rəsmiləşdirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Konqres daha əvvəl Nümayəndələr Palatası və Senatın müdafiə büdcəsinə dair müxtəlif versiyalarını uzlaşdırmaq üçün birgə komissiya yaradıb. Adətən, razılaşdırılmış büdcə layihələri qısa müddətdə təsdiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31