ABŞ İstanbulda planlaşdırılan Vitkoff–HƏMAS görüşünü ləğv etdi- ÖZƏL
14:32 DünyaOlaylar.az xəbər verir ki, "Əl Ərəbiyyə" telekanalı xəbər verir ki, ABŞ administrasiyası prezidentin xüsusi elçisi Stiven Vitkoffla HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyya arasında noyabrın 19-da İstanbulda keçirilməsi planlaşdırılan görüşü ləğv edib. Məlumata görə, qərarın əsas səbəbi İsrailin Vaşinqtona göstərdiyi ciddi təzyiq və tənqid olub. İsrail tərəfi belə bir görüşün ABŞ-ın HƏMAS-ı rəsmi tərəf kimi tanıması kimi başa düşülə biləcəyini, bunun isə prezident Donald Trampın Qəzza üzrə irəli sürdüyü plan çərçivəsində aparılan dolayı danışıqları çətinləşdirəcəyini bildirib. Bundan əvvəl HƏMAS-a yaxın "Maan" agentliyi Vitkoffun İstanbulda HƏMAS nümayəndə heyəti ilə görüşəcəyini açıqlamışdı. Bildirilirdi ki, danışıqlarda Xəlil əl-Həyyadan başqa hərəkatın bir neçə yüksək vəzifəli rəsmisi də iştirak edə bilərdi. Agentliyin məlumatına görə, belə bir görüş ABŞ administrasiyasının radikal hərəkatla birbaşa əlaqələri davam etdirmək niyyətində olduğuna işarə ola bilərdi.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi və HƏMAS lideri sonuncu dəfə oktyabrda Misirdə, atəşkəs razılaşmasından əvvəl görüşmüşdülər. Həmin danışıqlarda prezident Trampın kürəkəni Cared Kuşner də iştirak etmişdi.
Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsi üzrə razılığın əldə olunduğunu elan etmişdi. Sazişə əsasən, Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi və İsrail qüvvələrinin razılaşdırılmış mövqelərə çəkilməsi nəzərdə tutulurdu. Atəşkəs rejimi oktyabrın 10-dan etibarən qüvvəyə minib.