Harvard Universiteti ABŞ-ın keçmiş maliyyə naziri Lorens Sammersin Epstein əlaqələrini araşdıracaq- ÖZƏL

Harvard Universiteti ABŞ-ın keçmiş maliyyə naziri və universitetin sabiq prezidenti Lorens Sammers ilə maliyyəçi Ceffri Epstein arasındakı əlaqələr üzrə yeni araşdırma aparacaq. Olaylar.az xəbər verir ki, bu barədə universitetin nümayəndəsinin açıqlamasına istinadən The Harvard Crimson qəzeti məlumat yayıb.
Qəzet yazır ki, universitet rəhbərliyi "Harvard ilə bağlı şəxslər haqqında məlumatları araşdırır". Araşdırmaya səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının ötən həftə yayımladığı sənədlər olub. Həmin sənədlərdə universitetlə əlaqəli şəxslər, o cümlədən Sammersin həyat yoldaşı da qeyd olunub. Araşdırma çərçivəsində Konqres tərəfindən yayımlanan materiallar, eləcə də Sammers ilə Epsteinin "qadınlar, siyasət və Harvard təşəbbüsləri" mövzusunda yazışmaları öyrəniləcək.
Əvvəllər Financial Times qəzeti xəbər vermişdi ki, Sammers Epsteinlə əlaqələri səbəbindən ictimai fəaliyyətlərdən çəkildiyini açıqlayıb. Sammers 1993-2001-ci illərdə ABŞ-ın maliyyə naziri olub və daha sonra Harvard Universitetinin prezidenti vəzifəsini icra edib. Ceffri Epstein 6 iyul 2019-cu ildə Nyu York ştatında həbs olunub. Prokurorluq bildirib ki, 2002-2005-ci illərdə Epstein Manhattandakı evinə onlarla azyaşlı qızın gəlməsini təşkil edib; qızların ən gənci 14 yaşında olub. Epsteinin dostları və tanışları arasında ABŞ və digər ölkələrin bir sıra yüksək vəzifəli şəxsləri olub, o cümlədən Bill Klinton və hazırkı prezident Donald Tramp.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31