Siyasi məhbus sayı artır: Ermənistanda 30-dan çox siyasi məhbus olduğu iddia edilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, müxalif "Ermənistan" blokundan parlament deputatı, ARF Daşnaksütun Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan "Facebook" səhifəsində canlı yayımda Ermənistanda 30-dan çox siyasi məhbusun olduğunu bəyan edib.

O, indiki hakimiyyətin "yalan ittihamlar və uydurma cinayət işləri" ilə arxiyepiskopları, milli səviyyəli xeyriyyəçini, Milli Məclis deputatını, icma liderlərini, siyasi və ictimai xadimləri, blogerləri, hətta şəhid əsgərin valideynlərini və qohumlarını qanunsuz həbs etdiyini bildirib. Onun sözlərinə görə, hətta qadın siyasi məhbus da var.

Saqatelyan bu şəxslərin yalnız ölkədəki vəziyyətlə barışmadıqları və mövcud hakimiyyətin həyata keçirdiyi "anti-erməni siyasətinə qarşı çıxdıqları" üçün həbsdə saxlanıldığını vurğulayıb.

İşxan Saqatelyan bu kontekstdə, 20 noyabr saat 15:00-da Ermənistan Baş Prokurorluğunun binası qarşısında bütün siyasi məhbusların müdafiəsi üçün etiraz aksiyası keçiriləcəyini açıqlayıb. Aksiya iştirakçıları söz azadlığını, demokratiyanı müdafiə edərək, Ermənistanda diktaturanın qurulmasına qarşı çıxış edəcəklər.
Aksiyadan sonra etirazçılar Şenqavit inzibati rayonundakı məhkəmə binasına yürüş edəcək, orada arxiyepiskop Baqrat və digər 18 nəfərin məhkəmə prosesi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31