Karapetyanın vəkili Ermənistan məhkəməsini "telefon ədaləti" və siyasi terrorizmdə ittiham edib – ÖZƏL
11:11 DünyaOlaylar.az xəbər verir ki, Samvel Karapetyanın vəkili Robert Amsterdam sosial şəbəkələrdəki səhifələrində Ermənistanda "telefon ədaləti"nin (hakimiyyətdən gələn zənglərlə verilən qərarlar) reallaşdığını bildirərək ölkənin məhkəmə sisteminin müstəqilliyini itirdiyini iddia edib.
Vəkil müdafiə etdiyi şəxsin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclası hələ davam edərkən, Baş nazirin ailəsinə məxsus medianın artıq "qərarı" yayımladığını və məhkəmənin yalnız ertəsi gün rəsmi təsdiqlədiyini qeyd edib. Bu, onun fikrincə, məhkəmə sisteminin tamamilə müstəqillikdən məhrum olmasının sübutudur.
Vəkil, atasının qırx mərasiminə gələn və əsassız yerə beş aydır həbsdə olan Karapetyanın daha iki ay həbsdə saxlanılmasını "bütün hüquqi, mənəvi və humanitar normaları aşan qəddarlıq" adlandırıb. O, şəxsi azadlıqdan məhrumetmənin qəbuledilməz siyasi təzyiq rıçağı kimi istifadə edildiyini vurğulayıb.
Amsterdam, Karapetyanın həbsinin uzadılması ilə paralel olaraq, KROU-nun ("Ermənistan Elektrik Şəbəkələri" şirkətinin lisenziyasını ləğv etmək qərarını) "iqtisadi hücum" kimi qiymətləndirib. O, bu qərarın Stokholm Arbitraj İnstitutunun lisenziyanın ləğvini birbaşa qadağan edən müvəqqəti qərarına zidd olduğunu qeyd edərək, Ermənistan hakimiyyətinin beynəlxalq hüquqa tam hörmətsizliyini nümayiş etdirdiyini bildirib.
Vəkil bu əlaqəli və koordinasiyalı addımların "terrorizm" olduğunu və "xırda siyasi və şəxsi maraqlara" xidmət etdiyini qeyd edib. O, Karapetyanın investisiya və şəxsi hüquqlarını qorumaq üçün bütün beynəlxalq hüquq alətlərindən istifadə edəcəklərini bəyan edib.