AP: Gürcü neonasist ABŞ-da uşaqları zəhərləmək planında günahını etiraf edib- ÖZƏL

ABŞ-ın Bruklin dairə məhkəməsində gürcü əsilli neonasist Mixael Çxikvişvili üzərinə qoyulan ağır ittihamları qəbul edib. Olaylar.az xəbər verir ki, Associated Press-in (AP) məlumatına görə, o, yəhudilərə və müxtəlif irqi azlıqlara qarşı hücumlar həyata keçirmək üçün digər şəxsləri cəlb etməyə çalışmaqda, eləcə də uşaqları zəhərləməyi planlaşdırmaqda günahını etiraf edib.
22 yaşlı Çxikvişvili Şərqi Avropada fəaliyyət göstərən neonasist "Maniac Murder Cult" qrupunun liderlərindən biri hesab olunur. Məhkəmədə bildirilib ki, bu təşkilat sosial şəbəkələrdə irqi və dini nifrət motivli çağırışlar yayır. Məhz bu təbliğatın təsiri ilə ilin əvvəlində Tennessi ştatının Neşvill şəhərində bir yeniyetmənin məktəbdə atışma törətdiyi, nəticədə bir nəfərin öldüyü, iki nəfərin isə yaralandığı ehtimal edilir.
İstintaq müəyyən edib ki, Çxikvişvili 2022-ci ildən etibarən dəfələrlə Nyu-Yorka səfər edib və burada öz neonasist ideologiyasını təbliğ edib. 2023-cü ildə isə o, əslində gizli FTB əməkdaşı olan bir şəxsi "Santa-Klaus" obrazında Bruklin məktəblərində yəhudi uşaqlarına və şəhərdə yaşayan irqi azlıqlara zəhərli konfetlər paylamağa cəlb etməyə çalışıb. Çxikvişvili 2024-cü ildə Moldovada saxlanılaraq ABŞ-a ekstradisiya edilib. Prokurorluq onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31