QHT: Gürcüstan vətəndaşlarının xaricdə səsvermə hüququ ləğv edilməməlidir – ÖZƏL

Qeyri-hökumət təşkilatı "Ədalətli Seçkilər" "Gürcü Arzusu"nu Gürcüstan vətəndaşlarının xaricdə səs vermək imkanının ləğv edilməsini dəstəkləməməyə çağırıb. 

Olaylar.az xəbər verir ki, təşkilat bu barədə "Seçki Məcəlləsi"nin yeni redaksiyasında nəzərdə tutulan dəyişikliklərlə bağlı bəyanat yayıb.

QHT bildirir ki, müasir cəmiyyətin yüksək mobilliyini nəzərə alaraq xaricdə yaşayan vətəndaşları seçkilərdən kənarlaşdırmaq inklüziv demokratiyaya ziddir və seçki hüququnun ümumiliyi prinsipinə zərər vurur. Təşkilatın fikrincə, belə qərar beynəlxalq praktikaya da uyğun deyil və yalnız dar partiya maraqlarına xidmət edir.

Bəyanatda qeyd olunur ki, son illərdə, xüsusilə 2024-cü il parlament seçkilərindən sonra mühüm qanun dəyişiklikləri maraqlı tərəflərlə məsləhətləşmələr aparılmadan qəbul olunur və bu proses qeyri-inklüziv xarakter daşıyır. QHT-nin məlumatına görə, 2024-cü ildə xaricdəki seçki məntəqələrində "Gürcü Arzusu" cəmi 13% səs toplayıb, halbuki ölkə üzrə nəticələrdə partiya 54% dəstək əldə etmişdi.

"Ədalətli Seçkilər" parlamenti vətəndaşların xaricdə səs vermək imkanını məhdudlaşdırmaq əvəzinə, onların bu hüququndan daha geniş istifadə etməsinə şərait yaratmağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31