İrəvanda Nəqliyyatı İdarəetmə Mərkəzi yaradılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İrəvan Şəhər Şurasının 18 noyabr tarixli iclasında paytaxtda yeni kommunal qurum -"Yol Hərəkətinin İdarəetmə Mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Yeni qurumun əsas vəzifəsi şəhərdəki tıxacların, yol-nəqliyyat hadisələrinin, hərəkət qaydalarının pozulmasının və yol şəbəkəsində baş verən digər dəyişikliklərin təsirini araşdırmaq, həmçinin vəziyyətin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq olacaq. Qurum bununla yanaşı, ictimai nəqliyyatla bağlı məlumatların toplanması, saxlanması, emalı və analizini həyata keçirəcək. Həmçinin yol hərəkətinin təşkili və idarə olunması ilə əlaqəli infrastrukturun test edilməsi, tətbiqi, istismarı və inkişafı da mərkəzin səlahiyyətlərinə daxildir.
Məlumata görə, qurumun əməkdaşlarının aylıq əməkhaqqı fondu 41 milyon 295 min dram (təxminən 108 min dollar) təşkil edəcək.
İrəvanın vitse-meri Suren Qriqoryan bildirib ki, yaradılan mərkəz ictimai nəqliyyatın dispetcher idarəetmə sisteminin və "ağıllı" yol hərəkəti idarəetməsinin tətbiqi ilə məşğul olacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda Şəhər Şurasına dövlətə məxsus "İrəvan Trans" QSC-nin ləğvi ilə bağlı ayrıca layihə də təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31