Rusiyaya gələn miqrantlar üçün yeni tibbi yoxlama tələbi – hepatit B və C müayinəsi məcburi olacaq
15 Oktyabr 21:29 DünyaRusiyada miqrantların sağlamlıq yoxlaması ilə bağlı yeni qaydalar hazırlanır. Rusiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan layihəyə əsasən, 1 mart 2026-cı ildən etibarən ölkəyə iş üçün gələn bütün əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və sığınacaq istəyənlər məcburi şəkildə hepatit B və C viruslarına qarşı tibbi müayinədən keçməli olacaqlar.
Musavat.com xəbər verir ki, nazirliyin rəsmi məlumatında bu addımın əsas məqsədinin "tibbi baxışların təşkili və keçirilməsi mexanizmini təkmilləşdirmək" olduğu qeyd edilib.
Hazırda Rusiyaya daxil olan miqrantlar narkotik istifadəsi, HİV, vərəm, sifilis və cəzmə (lepraya) qarşı yoxlamadan keçir. Lakin hepatit B və C testləri bu siyahıya daxil deyil. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu iki virus da məcburi müayinə siyahısına əlavə olunacaq.
Qanunvericiliyə əsasən, tibbi müayinədən keçmək iş icazəsi, müvəqqəti yaşamaq hüququ və yaşayış icazəsi almaq üçün zəruri şərt hesab olunur. Yeni qaydaların tətbiqi ilə Rusiya hakimiyyəti ölkəyə gələn əcnəbilər arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağı hədəfləyir.