Ermənistanda kilsəyə qarşı genişmiqyaslı əməliyyat – yepiskop və 12 ruhanı saxlanıldı
15 Oktyabr 21:28 DünyaErmənistanda hüquq-mühafizə orqanları Araqatsotn yeparxiyasında genişmiqyaslı əməliyyat keçirib. Nəticədə yeparxiyanın başçısı, yepiskop Mkrtiç Proşyanla yanaşı, daha 12 din xadimi, həmçinin mühasib, xəzinədar və köməkçi saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Erməni Apostol Kilsəsinin mətbuat xidməti yayıb.
İstintaq Komitəsinin açıqlamasına görə, yepiskop Mkrtiç Proşyana qarşı mitinqlərin təşkilində iştirak etmək və səsvermənin nəticələrinə təsir göstərməyə cəhd ittihamı irəli sürülüb. Onun vəkili Ara Zoqrabyan bildirib ki, Proşyan əvvəlcə istintaq orqanlarına aparılıb və evində axtarış aparılıb.
Həmçinin II Qareginin qardaşı oğlu olan Proşyanla yanaşı, Araqatsotn yeparxiyasının altı nümayəndəsi və digər ruhanilər də saxlanılıb. Onlardan biri - keşiş Paren Arakelyan - ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.
Hadisə ölkədə kilsə və dövlət münasibətlərində yeni gərginlik dalğası yaradıb. Ermənistan cəmiyyətində bu əməliyyat siyasi motivli addım kimi qiymətləndirilir. Rəsmilər isə kilsə nümayəndələrinin seçki prosesinə qanunsuz müdaxilə etməkdə şübhəli bilindiyini bildirirlər.