Mahmud Abbas administrasiyası HƏMAS-la bağlı çağırış etdi: Dayandırılsın!

Fələstin prezidenti Mahmud Abbasın administrasiyası HƏMAS hərəkatının üzvləri tərəfindən Qəzza zolağında dinc sakinlərin məhkəməsiz şəkildə öldürülməsini pisləyib.

Musavat.com xəbər verir ki, administrasiyanın bəyanatını WAFA xəbər agentliyi yayıb: "HƏMAS güc və terror yolu ilə öz hakimiyyətini əhaliyə yenidən qəbul etdirmək istəyir. Son günlər Qəzza zolağının müxtəlif ərazilərində məhkəməsiz qətllər törədilib və onlarla insan həlak olub".

Bəyanatda qeyd edilir ki, "bu dəhşətli cinayətlər Fələstin xalqının müharibə və blokadanın dağıdıcı nəticələrindən əziyyət çəkdiyi bir vaxtda törədilir": "Biz HƏMAS-ın bu cür hərəkətlərini qəbuledilməz hesab edirik və bunu insan haqlarının kobud şəkildə pozulması və qanunun aliliyinə ciddi hücum kimi qiymətləndiririk".

Abbas administrasiyası vəhşiliklərə dərhal son qoymağa çağırır və HƏMAS-ın Fələstin dövlətinin təsisatlarını birləşdirmək səylərinə zərbə vurduğunu qeyd edir: "Biz müdafiəsiz mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb olunmasını tələb edirik. HƏMAS-ın Qəzza zolağında hakimiyyəti möhkəmləndirmək cəhdləri Fələstin xalqının ali maraqlarına ziddir və işğalı uzatmaq üçün bəhanə yaradır".

Qeyd edək ki, oktyabrın 14-də "Asharq al-Awsat" qəzeti Qəzza şəhərinin Əs-Səbra və Tell əl-Hava məhəllələrində HƏMAS silahlıları ilə ərəb qəbilə özünümüdafiə dəstələri arasında atışma olduğuna dair məlumat yayıb. Qəzetin yazdığına görə, oktyabrın 11-dən davam edən qarşıdurmalarda hər iki tərəf itki verib. Nəhayət, HƏMAS silahlıları həmin dəstələri ailələri üçün sığınacaq kimi xidmət edən İordaniya səhra xəstəxanasından çıxarıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31