Rusiya Avropadan sonra Türkiyə bazarını da itirir: Kremlin əsas “geopolitik silahı” artıq əlindən alınır
20:34 Dünya348 08.10.2025 19:55 Analitika A A
Avropa Birliyinin son qərarları və Türkiyənin yeni situasiyanın diqtəsi ilə dəyişən mövqeyi enerji resurslarının sadəcə, iqtisadi dəyər deyil, həm də "siyasi valyuta" funksiyasını daşıdığını da göstərir... Kreml üçün bu, enerji gəlirlərinin böhran törədəcək səviyyədə azalması ilə yanaşı, həm də geopolitik təsir imkanlarının məhdudlaşması deməkdir və Rusiyaya daha dağıdıcı nəticələr vəd etdiyi artıq qətiyyən şübhə doğurmur...
Rusiya neftinin və təbii qazının dünya bazarlarında alıcıları sürətlə azalmaqdadır. Xüsusilə də, Qərb bazarları Rusiya enerji resurslarının üzünə qapadılmağa başlayıb. Bu proses eynilə davam edərsə, Kreml hətta ən aşağı qiymətlərlə belə, Rusiya enerji resurslarına alıcı tapmaqda ciddi problemlərlə üzləşə bilər. Əgər, Kreml alternativ alıcılar tapa bilməzsə, neft sektorunun gəlirləri hesabına formalaşan Rusiyanın dövlət büdcəsində ciddi kəsirlərin yaranacağı da qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Ukrayna savaşının Rusiya üçün əsl "bataqlığa" çevrilməkdə olduğu inkaredilməz reallıqdır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya enerji resurslarının əsas alıcısı olan Avropa Birliyi bu istiqamətdə radikal qərarlar almağa başlayıb. Belə ki, Avropa Birliyi 2026-cı ildən etibarən Rusiyadan neft idxalını, 2027-ci ildən isə təbii qaz tədarükünü tamamilə dayandırmağı planlaşdırır. Türkiyədə isə enerji resursları idxalında Rusiya neftinin payı son ayların ən minimum həddinə enib. Bu paralel proseslər Kremlin enerji faktoru üzərindən qlobal məkana təsirini məhdudlaşdırmaqla yanaşı, kollektiv Qərbin enerji müstəqilliyinə doğru can atmasında yeni mərhələnin önünü açır.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiyadan enerji asılılığını aradan qaldırmaq istiqamətində növbəti addımları müzakirə etməyə başlayıb. Qərb mərbuatının məlumatına görə, Avropa Birliyi hazırda "RePowerEU" planına dəyişikliklər üzərində işləyir. Bu dəyişikliklərə əsasən, 2026-cı ildən Rusiyadan neft və neft məhsullarının, 2027-ci ildən isə təbii qazın idxalı tamamilə dayandırıla bilər. Bu yeni plan 2022-ci ildən qüvvədə olan dəniz daşımalarına qadağa və qiymət tavanı mexanizmi ilə uyğundur. Və Avropa Birliyi üçün indi məqsəd enerji faktorunu Kremlin "geopolitik silahı" olmaqdan çıxarıb, iqtisadi-ticari resursa çevirməkdir.
Qərb analitiklərinə görə, bu proses Avropa Birliyinin enerji infrastrukturunda tarixi dönüş yaracaq qədər böyük əhəmiyyət daşıyır. Qlobal təbii qaz bazarında 2026-cı ilin ikinci yarısından artıq təklif (profisit) gözləntiləri Avropa Birliyi üçün əlverişli şərait yarada bilər. ABŞ, Qətər və Norveçdən mayeləşdirilmiş təbii qaz tədarükünün artması, həm qiymət sabitliyini təmin edə, həm də Avropa Birliyinin enerji təhlükəsizliyini möhkəmləndirə bilər. Və ona görə də, Avropa Komissiyasındakı bir mənbə Qərb mətbuatına bildirib ki, "RePowerEU" yalnız enerji siyasəti deyil, həm də "qoca qitə"nin strateji suverenliyidir.
Maraqlıdır ki, Rusiya enerji resurslarının əsas alıcıları sırasına daxil olan Türkiyə də rus neftindən tədricən uzaqlaşmağa başlayıb. Belə ki, rəsmi Ankara ABŞ və Qərbin Rusiya neftinin idxalına görə sanksiya siyasətini nəzərə almaq barədə düşünür və bu məsələdə balansı mümkün qədər qorumağa üstünlük verir. Hər halda, son məlumatlara görə, Rusiyadan Türkiyəyə neft tədarükü aprel ayından bəri ən aşağı səviyyəyə enib. Və bu azalmanın həm iqtisadi-ticari, həm də siyasi səbəblərlə bağlı olduğu iddia edilir.
Məsələ ondadır ki, son vaxtlar bir tərəfdən, İraq, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi enerji təchizatçıları indi daha rəqabətli qiymətlərlə dünya bazarlarına daxil olmağa başlayıblar. Digər tərəfdənsə, ABŞ və Qərbin tətbiq etdiyi sanksiyaların logistika və sığorta məhdudiyyətləri Rusiya neftinin daşınma prosesini çətinləşdirib. Eyni zamanda, bu prosesin ən diqqətçəkən tərəflərindən biri də məhz ABŞ prezidenti Donald Trampın enerji resursları ticarətinə siyasi müdaxiləsidir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla iki saatlıq danışıqlardan sonra Rusiyadan neft idxalından imtina etməyə çağırmışdı. Ağ Ev sahibi bildirmişdi ki, "bu addım Kremlin hərbi imkanlarını ciddi şəkildə zəiflədə bilər. Üstəlik, prezident Donald Tramp Rusiya neftinin idxalından imtina olunacağı təqdirdə, Türkiyəyə qarşı mövcud sanksiyaların ləğvinin və iqtisadi əməkdaşlığın bərpası imkanlarının müzakirəsinin mümkünlüyünü də gündəmə gətirmişdi.
Beləliklə, rəsmi Ankara üçün enerji idxalı ilə bağlı qərar həm iqtisadi-ticari, həm də siyasi-diplomatik təzyiq vasitəsinə çevrilmiş kimi görünür. Türkiyə Rusiya ilə "TürkAxını" qaz kəməri, "Akkuyu" Atom Elektrik Stansiyası və Suriya diplomatiyası kimi önəmli sahələr üzrə sıx əməkdaşlıqda olsa da, ABŞ və Qərblə münasibətləri bərpa etmək istəyi rəsmi Ankaranı yeni geopolitik balans axtarışına da yönəldir. Və bu, Ərdoğan diplomatiyasının son illərdə formalaşdırdığı "müxtəlif vektorlu" xarici siyasətin təbii davamı kimi görünür.
Təbii ki, indiki proses davam edərsə, Avropa Birliyi və Türkiyə eyni vaxtda Rusiya enerji resurslarından asılılığı azaldarsa, Kremlin ixrac coğrafiyası Şərqə, əsasən də Çin və Hindistana doğru yönələcək. Nəticədə Rusiyanın enerji gəlirlərinin strukturunda Çindən iqtisadi asılılıq dərinləşəcək. Qərb bazarlarının itirilməsi Rusiya valyutasının - rublun uzunmüddətli təzyiq altında qalmasına səbəb olacaq. Kreml üçün enerji faktoru geopolitik gücə deyil, mıhz iqtisadi zərurət alətinə çevriləcək. Geopolitik müstəvidə isə bu proses Rusiyanın "çoxqütblü dünya nizamı" strategiyasını zəiflədə və Kremlin Asiyadakı müttəfiqləri qarşısında manevr imkanlarını məhdudlaşdıra bilər.
Beləliklə, Avropa Birliyinin son qərarları və Türkiyənin yeni situasiyanın diqtəsi ilə dəyişən mövqeyi enerji resurslarının sadəcə, iqtisadi dəyər deyil, həm də "siyasi valyuta" funksiyasını daşıdığını da göstərir. Rusiya üçün bu, enerji gəlirlərinin azalması ilə yanaşı, həm də geopolitik təsir imkanlarının məhdudlaşması deməkdir. ABŞ və Qərb üçünsə bu, enerji təhlükəsizliyinin siyasi müstəqilliklə birləşdirilməsi mərhələsidir. Və bu prosesin istənilən halda, Rusiyaya daha dağıdıcı nəticələr vəd etdiyi artıq qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert