Qəbələdə tarixi qərarlar: Turan İttifaqına gedən yol – ÖZƏL
14:09 SiyasətDünya bu gün qloballaşma mərhələsinə daxil olub, yəni çoxqütblü sistemin formalaşması prosesi başlayıb. Belə çoxqütblü dünyada sual yaranır: Türkiyə və Türk dövlətləri hansı qütbün təsiri altında ola bilər?
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan, Türkiyə və Azərbaycan başda olmaqla, Türk Dövlətləri Təşkilatının yaranması və onun regional gücdən qlobal gücə çevrilməsi istiqamətində müxtəlif mərhələlərdə mühüm addımlar atılır. Təşkilat həm mənəvi, həm iqtisadi, həm də siyasi inteqrasiyanı həyata keçirmək məqsədilə mütəmadi toplanır və fəaliyyətini genişləndirir.
Siyasi şərhçi qeyd edib ki, Türk dövlətlərinin ümumi əhalisi təxminən 200 milyon nəfər, ümumi ərazisi isə 5 milyon kvadratkilometr təşkil edir. Bu ərazilər sonsuz yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. Yəni, təşkilatın malik olduğu resurs potensialı çox genişdir. Hazırda Türk dövlətləri arasında mənəvi inteqrasiyanın həyata keçirilməsi, ortaq dil vahidinin və ortaq ideologiyanın formalaşması prosesi gedir. Eyni zamanda, iqtisadi inteqrasiya baxımından qarşılıqlı sərmayələrin qoyulması, ortaq investisiya layihələrinin reallaşdırılması və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ciddi işlər görülür. Bu prosesdə Azərbaycan və Türkiyə lokomotiv rolunu oynayır.
A. Məsiyev əlavə edib ki, bununla yanaşı, siyasi inteqrasiya prosesi də davam edir. Bu baxımdan demək olar ki, dünyada yeni bir sivilizasiya - Turan sivilizasiyası - formalaşmaq üzrədir.
Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fəlsəfəsi bu ideyanın əsasını qoydu. Məhz bu ideologiyanın nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. İndi isə "Bir millət, bir ittifaq" fəlsəfəsi əsasında Turan İttifaqının yaranması prosesi gedir. Bu, dünyanın hazırkı xaotik vəziyyətinə - yəni iqtisadi və siyasi sahələrdə yaranmış qeyri-sabitliyə - cavabdır. Dünyanın birqütblü idarə olunması modelindən qaynaqlanan bu xaos, yeni və ədalətli sivilizasiyanın - Turan sivilizasiyasının - yaranmasını zəruri edir. Bu sivilizasiya dünyada sülhün, ədalətin və əmin-amanlığın təmin edilməsinə yönəlib. Bu mənada, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının toplantısı xüsusi əhəmiyyət daşıyır. Burada qəbul ediləcək qərarlar təşkilatın gələcək strategiyasını müəyyənləşdirəcək, eləcə də yeni dövlətlərin bu birliyə əməkdaşlıq prinsipi əsasında qoşulması üçün zəmin yaradacaq.
Ekspert bildirib ki, Turan sivilizasiyası yalnız Türk dövlətlərindən ibarət olmayacaq - ona yeni güclər, yeni dövlətlər də qoşularaq bu sivilizasiyanın bəşəriyyətə verəcəyi faydanı artıracaqlar.
"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Bu dəhliz təkcə Azərbaycan ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün deyil, həm də bütün Türk dünyasının iqtisadi və strateji bir "damarına", bir körpüsünə çevriləcək. O, Türk dövlətlərinin iqtisadi əməkdaşlığını genişləndirmək və beynəlxalq yükdaşımaları həyata keçirmək baxımından mühüm rol oynayacaq", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, artıq dünya çoxqütblü sistemə daxil olub və bu sistemdə Türk dövlətləri regional gücdən qlobal gücə çevrilməkdədir. Gələcəkdə siyasi inteqrasiyanın dərinləşməsi nəticəsində ortaq parlamentin, daha sonra isə ortaq pul vahidinin və ödəniş sisteminin yaranması prosesi başlaya bilər. Bu, yeni bir güc mərkəzinin formalaşması deməkdir. Ortaq parlament həm siyasi qərarların, həm də ortaq qanunların qəbul edilməsində vacib rol oynayacaq. Hər il keçirilən Türk Dövlətləri Ailə Şurasının toplantıları ümumi anlayışın dərinləşməsinə, problemlərin birgə müzakirəsinə və ortaq qərarların qəbuluna xidmət edir.
"Azərbaycan bu proseslərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq modeli ilə iştirak edir və aparıcı rol oynayır. Azərbaycan Prezidentinin Orta Asiya respublikalarına müntəzəm səfərləri, həmin ölkə rəhbərlərinin Bakıya gəlişləri, eləcə də Azərbaycan və Türkiyə prezidentləri arasında davamlı görüşlər bu inteqrasiyanın gücləndiyini göstərir.
Azərbaycan Prezidentinin parlamentdə səsləndirdiyi "Bizim evimiz Türk dünyası evidir" fikri bu birliyin ideoloji əsasını təşkil edir. Bu ideya artıq Türk dövlətlərinə ünvanlanmış bir çağırış kimi qəbul olunur", - deyə siyasi şərhçi bildirib.
Ekspert vurğulayıb ki, Turan sivilizasiyası yalnız Türk dünyasının maraqlarını deyil, bütövlükdə bəşəri maraqları ifadə edən, dünyada sülhü və ədaləti bərpa etməyə yönəlmiş yeni bir güc mərkəzi olmaq potensialına malikdir.
Bu gün beynəlxalq münasibətlər artıq hüquqla deyil, gücün qanunları ilə tənzimlənir. Biz bunu Yaxın Şərqdə, Ukraynada və dünyanın digər bölgələrindəki müharibə xaosundan açıq şəkildə görürük. Birləşmiş Millətlər Təşkilatının mexanizmləri demək olar ki, işləmir. Belə bir şəraitdə Türk dövlətlərinin birləşməsi, "Bir millət - bir ittifaq" fəlsəfəsi əsasında formalaşacaq Turan İttifaqı, dünyada yeni güc mərkəzinə çevriləcək. Bu güc özünü iqtisadi, siyasi və hərbi sahələrdə göstərəcək və Türk dövlətlərinin maraqlarını ortaq qərarlarla təmin edəcək.
"Qəbələdə keçirilən bu toplantı Turan İttifaqının strateji istiqamətlərini müəyyənləşdirən tarixi mərhələ olacaq", - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz