Xəyali Ermənistan planları: Revanşist iddialar, amma real dəstək yoxdur - ÖZƏL

Ermənistanın radikal-revanşist "Ayakve" hərəkatı bəyan edib ki, sorğular cəmiyyətdə Qarabağı geri almağa inamın artdığını göstərir: əvvəlcə 80%, sonra 82%, 85% və iyulda 91% respondent belə düşünür.
Baş nazir Nikol Paşinyan isə vətəndaşları real Ermənistanla kifayətlənməyə çağırıb və xəyali vətən axtarışını dayandırmağı tövsiyə edib: "Ermənistan Respublikası bizim xəyallarımızın vətənidir, başqa vətən axtarmağa ehtiyac yoxdur".
Qarabağ məsələsi ilə bağlı cəmiyyətdə artan revanşist əhval-ruhiyyə Ermənistanın daxili siyasətinə necə təsir edə bilər? Paşinyanın "real Ermənistan" çağırışı uzun müddətdə xalqın psixologiyasına və siyasətə münasibətinə hansı təsir göstərə bilər?

Mövzu ilə bağlı politolqo Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda çoxlu təşkilatlar var və onlar əslində cəmiyyətdə ciddi populyarlığa malik deyillər.  Bütün hallarda isə revanşist iddialarla yaşayırlar. Amma bu iddiaları real addımlara çevirmək imkanları varmı? Bu çox şübhəli bir məqamdır. Bu baxımdan, Ermənistanda Paşinyana qarşı olanlar məhz həmin "utopik",  "xəyali", Ermənistan planları haqqında danışırlar. Son 5 ildə bu planların Ermənistana hansısa nəticə gətirdiyi açıq görünür və Ermənistan hakimiyyətində olan şəxslər başa düşürlər ki, bu bir avanturadır. Bu iddialarla yaşamaq və Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək Ermənistan dövləti üçün ciddi nəticələrə gətirib çıxara bilər və onun mövcudluğu ilə bağlı suallar ortaya çıxar. Bu baxımdan, mən düşünürəm ki, aparılan sorğulara uyğun olaraq revanşist düşüncəyə malik olanların sayı 90%-in üzərindədir. Bunu gələcək seçkilərdə Ermənistan cəmiyyətində daha aydın görəcəyik. Əgər Ermənistan cəmiyyəti həmin revanşistlərə səs verəcəksə və konstitusiya dəyişikliyinə qarşı çıxacaqsa, bu başqa nəticələrin ortaya çıxması demək olacaq. O zaman Ermənistan cəmiyyəti məhz bu xəyallarının və istəklərinin nəticələrini görmək məcburiyyətində qalacaq. Digər tərəfdən aparılan sorğular göstərir ki, revanşist qüvvələr çox ciddi dəstəyə malik deyillər. Amma burada sorğularda sualların qoyuluşu necə olub, tam şəkildə ortaya qoyulmur. Məhz buna görə də aparılan rəy sorğularının nəticələri müəyyən şübhələr doğurur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31