İran və Avropa üçlüyü nüvə danışıqlarına başlayır: gözləntilər və çətinliklər - ÖZƏL

İran ilə Avropa üçlüyü - Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları sabah İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Görüşdə əsas mövzular Tehranın nüvə proqramı və sanksiyaların ləğvi olacaq. Ekspertlər bu görüşün nüvə razılaşmasının bərpası üçün əhəmiyyətli mərhələ ola biləcəyini bildirirlər.
Bu görüşün nüvə razılaşmasının bərpası istiqamətində real nəticə verməsi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı politoloq Qədir Aslan Olaylar.az-a açıqlama verib: 
" Bu görüşün öncəsində bir neçə insident baş verdi. Bilirsiniz ki, Amerikanın müdafiə naziri kəşfiyyat rəisini işdən çıxardı. Çünki, o, ağzından qaçırmışdı ki, İranın nüvə potensialı qalmaqdadır. Yəni, tam şəkildə Trampın dediyi kimi, sıradan çıxarılmayıb. Onu dərhal işdən qovdular. Bunlar hamısı informasiya məkanında görüş öncəsi yayılan lağımlardır.  İranın daxilində də görüş öncəsi proseslər baş verir. Pezeşkian ətrafında yığışan 30 partiya hökumətə təklif edir ki, gəlin nüvə zənginləşdirilməsini müvəqqəti olaraq dayandıraq, beynəlxalq izolyasiyadan çıxaq, milli həmrəyliyi gücləndirək, dövlətin iqtisadiyyatına əlavə yatırımlar cəlb edək. Bu proseslər İranın siyasi arenasında baş verir. Bir tərəfdən də İranın başının üstündə Damokl qılıncı kimi dayanan  "snapback" mexanizmi kimi duran bir mexanizma var. Onu Lavrov 2015-ci ildə təklif etmişdi. Yəni İran hər hansı bir nüvə sazişinin qaydasını poza bilərsə, dərhal onun barəsində olan təhlükəsiz şurasının altı qətnaməsi işə düşür. Bunu Rusiya tərəfi təklif etmişdi  və heç kim ona veto qoya bilməz. Yəni İran ayağını həmin çərçivədən kənara qoyarsa, dərhal sanksiyalar aktivləşir. Ümumilikdə demək olar ki, 12 günlük müharibə zamanı keçirilən əməliyyat zamanı biz başa düşmədik ki, Tramp başqa söz dedi, İran tərəfi başqa söz dedi, kəşfiyyat məlumatları da ziddiyyətlidir. Anlamadıq ki,  İranın nüvə potensialı tam sıradan çıxarılıb, yoxsa qalır. Zənginləşdirilmiş uran var orada onun taleyi nə oldu, hara getdi. Amma istənilən halda, İranın ritorikası dəyişmir, daha da kəskin, sərt qalır. Baxmayaraq ki, reallıqlar onu demir; hərbi gücü, nüvə potensialı və həmin müəssisələr, infrastruktur nəzərə alınsa, onların əksəriyyətinin sıradan çıxdığı bəllidir. Danışıqlar masasına İran zəif şəkildə gedir. Xüsusilə, İranda hazırda ölkə daxilində təlatümlər baş verir. Susuzluq, elektrik enerjisi və digər məsələlər, ikinci dərəcəli problemlər, xalq arasında narazılığı artırır. Yəni İran tərəfi 2015-ci ildəki kimi güclü deyil, istər hərbi, istər siyasi, istər sosial və.s. Bu məsələdə çox güman ki, yeni nüvə sazişinin hiylə ilə  bağlanmasına nail olmaq istəyir İran. Çünki bu çərçivə imzalansa reformistlərin dediyi kimi, ən azı 200 milyard vəsait cəlb olunacaq və bu 200 milyard rejimin ömrünü xeyli dərəcədə uzadacaq. Amma İsrail tərəfinin mövqeyi də maraqlıdır. 12 günlük savaş baş verdi və İsrail bunu bitirmək istəyir. Baş nazir Netanyahu bu işi bitirməyə çalışır, yenidən İran üzərinə hücumlar edib sonuncu akordu vurmaq niyyətindədir. Qərb tərəfi isə istəyir ki, İranın nüvə proqramı tamamilə dayandırılsın və Beynəlxalq Atom Agentliyinin nəzarətinə verilsin. Buna isə İran getmir. Nəticə etibarilə manevr imkanları daralır. İran üçün bu nüvə proqramı rejimin özünün sonunu gətirə bilər və hüquqi sənədlərdə dəyişikliklə nəticələnməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31