İki coğrafiyanı bir araya gətirən yeni siyasi körpü- ÖZƏL
15:20 Siyasət"Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar, Buxara şəhərində düzənlənən yüksək səviyyəli tədbirlər Bakı ilə Daşkənd arasında münasibətlərin artıq yalnız tarixi və mənəvi yaxınlıq üzərində deyil, uzunmüddətli strateji maraqlar üzərində də qurulduğunu nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu səfəri obrazlı şəkildə iki coğrafiyanı bir araya gətirən yeni siyasi körpünün inşası adlandırmaq mümkündür. Çünki Azərbaycanla Özbəkistanı birləşdirən yollar təkcə xəritələrdəki magistrallardan ibarət deyil. Bu yollar ortaq tarixdən, mədəni yaddaşdan, türk dünyasının mənəvi bağlarından və gələcəyə dair eyni strateji baxışdan keçir.
Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası münasibətlərin institusional əsaslarının daha da möhkəmləndiyini göstərdi. Liderlər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərini müzakirə etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfəri tarixi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirdi. Lakin bu səfərin siyasi çəkisini müəyyən edən əsas məqam yalnız verilən bəyanatlar deyil, imzalanan sənədlərin mahiyyətidir. Ən mühüm nəticələrdən biri Əbədi Dostluq haqqında Müqavilənin imzalanması oldu. Bu sənəd iki dövlət arasında münasibətlərin sadəcə bugünkü siyasi gündəmə deyil, gələcək nəsillərə hesablandığını göstərən mühüm siyasi mesajdır. Əslində, "əbədi dostluq" ifadəsi diplomatik leksikonda sadəcə emosional bir anlayış deyil. O, siyasi etimadın, qarşılıqlı hörmətin və strateji həmrəyliyin institusional ifadəsinə çevrilir.
Daşkənd danışıqlarının iqtisadi gündəliyi də kifayət qədər geniş olub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün xüsusi proqram qəbul ediblər. Sənaye, energetika, geologiya, kimya, tikinti, maliyyə və kənd təsərrüfatı kimi sahələrdə yeni əməkdaşlıq layihələri müəyyənləşdirilib. Bu rəqəm yalnız iqtisadi göstərici deyil. Bir milyard dollarlıq hədəf iki ölkənin iqtisadi münasibətlərinin mövcud potensialının hələ tam açılmadığını göstərən başlanğıc nöqtəsidir".